Elşad İskəndərov: Azərbaycan Çinin "Bir kəmər, bir yol” layihəsini dəstəkləyir
- 22 aprel, 2024
- 06:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Çinin "Bir kəmər, bir yol” layihəsini dəstəkləyir. Azərbaycanda inkişaf edən nəqliyyat habı da bu layihəyə öz töhfəsini verəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Azərbaycan-Çin Münasibətlərinin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bərpa olunan və alternativ enerji mənbələri ilə bağlı da qarşılıqlı əməkdaşlıq mövcuddur:
“İstər bərpa olunan enerji sektorunda əməkdaşlığı inkişaf etdirmək üçün 2023-cü ildə Memorandumun imzalanması, istərsə də Çinin “Dongfang” şirkəti ilə Azərbaycanda 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyasının tikintisində əməkdaşlığımız və ya “Gezhouba Group” ilə tərəfdaşlıq – bu layihələrin hamısı indi və gələcəkdə qarşılıqlı maraqlarımızdan faydalanmağa yönəlib.
Münasibətlər Azərbaycan və Çinin qədim tarixi mədəniyyətinə əsaslanır. Təmaslar əsasən İpək Yolu ilə bağlı olub. Bu təmaslar Nizami Gəncəvinin “Yeddi Gözəl” əsərində də öz əksini tapmışdır. Dünyada qloballaşmanın ümumi faydalarını heç kim inkar edə bilməz. Bu proses qarşılıqlı maraqlar əsasında icra olunur. Nəzəriyyə ilə təcrübənin vəhdəti əsas götürülməlidir”.
Nazir müavini vurğulayıb ki, qlobal təzyiqlərdən asılı olmayaraq, Azərbaycanla Çin arasında mövqelərin yaxınlaşdırılması davam edir:
“Çin BMT TŞ-də öz mövqeyini nümayiş etdirərək Qarabağ məsələsində Azərbaycanı dəstəkləmişdir. Azərbaycan da Çinin bir çox məsələlərdə mövqeyini dəstəkləyir”.