Elmar Məmmədov: Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələri strateji əhəmiyyət kəsb edir

Xarici siyasət
  • 19 iyun, 2025
  • 20:14
Elmar Məmmədov: Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələri strateji əhəmiyyət kəsb edir

Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələri strateji əhəmiyyət kəsb edir.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Elmar Məmmədov Böyük Britaniya Kralı III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

"İqtisadi əlaqələrimiz strateji əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdikdən, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar açdıqdan sonra tarixi mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sərmayə qoyuluşu baxımından böyük potensiala malikdir. Böyük Britaniya ilə əməkdaşlığımız bu yaxınlarda bərpa olunan enerji sektorunu da əhatə etməklə genişlənib. BP-nin Cəbrayıl rayonunda "Şəfəq" günəş elektrik stansiyasının tikintisinə dair investisiya qərarı bu sahədə yeni mərhələnin başlanğıcını göstərir. Bu ilin aprelində Londonda keçirilən Birgə Hökumətlərarası Komissiyanın sonuncu iclası əməkdaşlığımızın miqyasını bir daha nümayiş etdirdi", - o bildirib.

E.Məmmədov qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında daimi siyasi dialoqa, güclü iqtisadi əlaqələrə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan güclü və dərinləşən ikitərəfli münasibətlər mövcuddur:

“Zaman keçdikcə ikitərəfli münasibətlərimizin gündəliyi genişlənərək enerji, ticarət, təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla, bir çox strateji sahələri əhatə edib”.

Şöbə müdiri iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında güclü əməkdaşlığı da vurğulayıb: “Bu tərəfdaşlığın gücü COP29 zamanı uğurlu əməkdaşlığımız vasitəsilə aydın şəkildə nümayiş olundu. Ötən il səfərlər, görüşlər və yüksək səviyyəli təmaslar baxımından çox məhsuldar olub. Prezident İlham Əliyevin iyul ayında Oksforda işgüzar səfəri, eləcə də Baş nazir Kir Starmerin noyabrda COP29 İqlim Fəaliyyəti Sammiti çərçivəsində Azərbaycana ilk səfəri tərəfdaşlığımıza daha da töhfə verib. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəli qarşılıqlı səfərlər, strateji dialoq çərçivəsində mütəmadi görüşlər, o cümlədən siyasi məsləhətləşmələr vasitəsilə davam etdirilməsi əlaqələrimizin daha da inkişafı üçün həlledici əhəmiyyətə malikdir”, - diplomat bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlığın hüquqi bazasının genişləndirilməsi istiqamətində addımlar atılır.

44 filmi