Əl Hoqayl: Azərbaycan və Səudiyyə Ərəbistanı şəhərlərin inkişafına dair ortaq baxışa malikdir
- 18 may, 2026
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Səudiyyə Ərəbistanı 2030-cu ilədək olan dövrü əhatə edən milli strategiyalar çərçivəsində şəhərlərin inkişafı və dayanıqlı mühitə dair ortaq baxışa malikdir.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil tikintisi naziri Məcid Bin Abdulla Əl Hoqayl Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
"Azərbaycan–2030 Vizyonu və Səudiyyə Ərəbistanı–2030 Vizyonunu vətəndaşlarımızın rifahına ümumi diqqət birləşdirir. Azərbaycanın yaşıl məkanlarını və şəhərlərin inkişaf miqyasını gördükdə bu, bizə Səudiyyə Ərəbistanındakı inkişafı xatırlatdı", - nazir bildirib.
Onun sözlərinə görə, iki ölkənin urbanistika, yaşıllaşdırma və şəhər mühitinin inkişafı məsələlərinə yanaşmaları oxşardır.
"Bizim "Yaşıl Səudiyyə Ərəbistanı" təşəbbüsümüz və şəhər inkişafı proqramlarımız var. İki qardaş xalq - Səudiyyə Ərəbistanı və Azərbaycan xalqları arasında böyük oxşarlıq və qarşılıqlı anlaşma mövcuddur", - nazir qeyd edib.
O vurğulayıb ki, Ər-Riyad Bakı ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır.
"Biz Azərbaycan hökuməti və bu gözəl xalqla tərəfdaşlığa can atırıq. Səudiyyə Ərəbistanında Azərbaycana yüksək dəyər verilir və hesab edirik ki, Azərbaycan xalqı da Səudiyyə Ərəbistanına eyni hörmət və maraqla yanaşır", - Əl Hoqayl vurğulayıb.