Ekspert: Zəngəzur dəhlizi Qırğızıstanın nəqliyyat imkanlarını genişləndirəcək
- 31 avqust, 2026
- 15:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Zəngəzur dəhlizinin açılması Qırğızıstanın Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək.
"Report"un Bişkekə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu "Insap Elim" ictimai fondunun direktoru Tolobek Beyşenbekov agentliyə müsahibəsində bildirib.
O, Türk dövlətlərinin nümayəndələrinin Zəngəzur dəhlizinin işə salınmasında maraqlı olduqlarını qeyd edib.
"Biz, Türk dövlətlərinin nümayəndələri olaraq, bu dəhlizin açılmasında son dərəcədə maraqlıyıq", - T.Beyşenbekov bildirib.
Onun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da regional nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacaq.
"Bu dəmir yolu Qırğızıstana Azərbaycan vasitəsilə dənizə, oradan isə Avropa və digər ölkələrin bazarlarına çıxış imkanı yaradacaq", - o qeyd edib.
T.Beyşenbekov həmçinin Qırğızıstan və Azərbaycanın sosial və inklüziv sahibkarlıq sahəsində əməkdaşlıq perspektivlərinə diqqət çəkib.
Onun sözlərinə görə, Bakıda keçirilən forumlarda iştirak Qırğızıstana Azərbaycanın qeyri-hökumət təşkilatlarının təcrübəsi ilə tanış olmağa və birgə fəaliyyətin mümkün istiqamətlərini müzakirə etməyə imkan verib.