Ekspert: Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq potensialı böyükdür
- 01 sentyabr, 2026
- 15:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Gürcüstan xüsusilə energetika sahəsində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir.
"Report" xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Qara Dəniz Beynəlxalq Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Nika Çitadze (Nika Chitadze) bildirib.
O, Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib və beynəlxalq hüquq prinsiplərinin vacibliyini qeyd edib.
"Mən Azərbaycanı və xalqını ərazi bütövlüyünün və müvafiq olaraq beynəlxalq hüquq prinsiplərinin - sərhədlərin toxunulmazlığı və dövlətin ərazi bütövlüyü prinsiplərinin bərpası münasibətilə təbrik etmək istərdim", - o bildirib.
Onun sözlərinə görə, ərazi bütövlüyünün bərpası Azərbaycan dövlətçiliyinin və onun beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsinə kömək edəcək.
Ekspert həmçinin Azərbaycanın Gürcüstana, xüsusən də enerji sahəsində göstərdiyi dəstəyin vacibliyini vurğulayıb.
"Gürcüstan və gürcü xalqı Azərbaycanın Gürcüstana göstərdiyi və bundan sonra da göstərəcəyi dəstəyə görə Azərbaycana minnətdardır", - o qeyd edib.
Çitadze vurğulayıb ki, Gürcüstan ərazisindən Azərbaycanın iştirakı ilə mühüm beynəlxalq enerji layihələri keçir.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın enerji bazarlarına təbii qaz və neftin əsas tədarükçülərindən biridir.
O, həmçinin Qara dənizin dibi ilə planlaşdırılan sualtı kabel vasitəsilə Azərbaycan elektrik enerjisinin Gürcüstandan keçməklə Avropaya ixracı perspektivlərini qeyd edib.
"Burada ən əsası təkcə Gürcüstan və Azərbaycan arasındakı siyasi münasibətlər deyil, həm də Azərbaycan və gürcü xalqları arasındakı qardaşlıq, çoxəsrlik münasibətlərdir", - ekspert bildirib.
Gələcək əməkdaşlıq perspektivlərindən danışan Çitadze Cənub Qaz Dəhlizi, TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan neft kəməri də daxil olmaqla enerji layihələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan bu layihələrdə enerji resurslarının tədarükçüsü və ixracatçısı kimi çıxış edir, Gürcüstan isə tranzit ölkə kimi mühüm rol oynayır və bundan sonra da oynayacaq.