Egils Levits: “Latviya BMT-də islahatlar məsələsində Azərbaycanla əməkdaşlığa hazırdır”

Xarici siyasət
  • 09 mart, 2023
  • 14:31
Egils Levits: “Latviya BMT-də islahatlar məsələsində Azərbaycanla əməkdaşlığa hazırdır”

“Latviya BMT-də islahatların aparılması məsələsində Azərbaycanla əməkdaşlığa hazırdır”.

“Report” xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits bu gün ADA Universitetində tələbələrlə görüşündə deyib.

O, azərbaycanlı tələbələrə iki ölkə arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan danışıb: “Aİ Azərbaycanla daha sıx münasibətlərdə maraqlıdır. Avropa İttifaqı Rusiyadan təbii qaz tədarükünü dayandırdıqdan sonra Azərbaycan Avropaya enerji dəhlizinə çevrilib”.

E.Levits qeyd edib ki, Latviya beynəlxalq hüququn prinsiplərinə sadiqdir və ərazi bütövlüyünü üstün tutur: “Latviyanın mövqeyi ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü hər şeydən üstün tutmaqdır. Bu, beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla sülhə nail olmağın yeganə yoludur”.

“Qoşulmama Hərəkatı Azərbaycanın üzv olduğu və hazırda bu quruma sədrlik etdiyi mühüm platformadır. Latviya təcavüzkar siyasət yürütmür və ikili standartlardan istifadə etmir. Latviya da Azərbaycan kimi çoxtərəfliliyin tərəfdarıdır”, - Latviya dövlət başçısı vurğulayıb.