ECO-nun Baş katibi: Ticarətin təşviqinə dair Anlaşma Memorandumunu imzalamağa hazırıq

Xarici siyasət
  • 02 iyul, 2025
  • 11:30
ECO-nun Baş katibi: Ticarətin təşviqinə dair Anlaşma Memorandumunu imzalamağa hazırıq

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlər arasında ticarətin təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu üzərində iş başa çatıb.

"Report"un əməkdaşı xəbər verir ki, bu barədə ECO-nun Baş katibi Əsəd Məcid Xan Şuşa şəhərində keçirilən təşkilatın altıncı biznes forumunda bildirib.

O qeyd edib ki, sənəd 2025-ci il iyun 25-dən imzalanmağa hazırdır.

Baş katib bildirib ki, memorandumun əsas məqsədi təşkilata üzv ölkələr arasında koordinasiyanı gücləndirmək, region daxili ticarət və investisiyaların inkişafı üçün əməkdaşlığı genişləndirməkdir: "Bütün üzv dövlətləri daxili prosedurlarını mümkün qədər tez tamamlamağa və hazır olduqları zaman memorandumu imzalamağa çağırırıq".

Əsəd Məcid Xan, həmçinin bütün üzv dövlətləri 2025 və 2026-cı illər üçün ticarətin inkişafı üzrə birgə tədbirlərə dair konkret təkliflər təqdim etməyə çağırıb.

"Bu sahədə həqiqətən də daha çox işləməliyik, çünki əlaqələrin qurulması üçün imkanlar hələ kifayət deyil. Bu təşəbbüslər ECO-nun ticarətin təşviqi üzrə birgə tədbirlər təqviminə toplanıla bilər. Bu təqvim hər il yenilənəcək və milli təşkilatlar arasında koordinasiya üçün praktiki alət olacaq", - Ə.Xan bildirib.

44 - Tezliklə