Dima Əl-Yahya: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında mühüm rəqəmsal körpü ola bilər
- 05 oktyabr, 2026
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən rəqəmsal dəhlizlərin inkişafında mühüm rol oynaya bilər.
Bu barədə "Report"a müsahibəsində Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Dima Əl-Yahya bildirib.
Onun sözlərinə görə, coğrafi mövqe Azərbaycana Avropa və Asiya arasında strateji üstünlük təmin edir, rəqəmsal infrastruktur isə bu mövqeyə yeni ölçü qazandıra bilər: "Azərbaycan artıq mühüm rəqəmsal körpüyə çevrilmək üçün zəruri olan bazanın bir çox elementlərinə malikdir. Ölkə inkişaf etmiş rəqəmsal dövlət idarəçiliyini böyüyən telekommunikasiya və ticarət infrastrukturu ilə birləşdirir, onun coğrafi mövqeyi isə birbaşa Qafqaz, Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşir".
DCO-nun baş katibi həmçinin Azərbaycan və Mərkəzi Asiya arasında rəqəmsal infrastrukturun inkişafını da vurğulayıb. Onun sözlərinə görə, ötən ay Azərbaycan və Qazaxıstanı birləşdirən 380 kilometrlik Transxəzər Fiber-Optik Kabel xəttinin çəkilişi başa çatıb:
"İstismara verildikdən sonra onun "Digital Silk Way" layihəsi çərçivəsində Xəzər dənizi vasitəsilə məlumatların ötürülməsi üçün yeni yüksəksürətli marşrut yaradaraq 400 Tbit/s-dən çox ötürücülük qabiliyyətini təmin edəcəyi gözlənilir.
Bu üstünlüyü necə inkişaf etdirmək istədiyini məhz Azərbaycan özü müəyyən etməlidir. DCO-nun rolu analitika, texniki məsləhətlər və beynəlxalq əlaqələr təqdim etməkdən, daha sonra isə ölkənin qərarlarının həyata keçirilməsinə kömək etməkdən ibarətdir".
Onun sözlərinə görə, Azərbaycan öz coğrafi mövqeyini rəqəmsal üstünlüyə çevirməli, təkcə bazarları və infrastrukturu deyil, həm də müxtəlif regionlardan olan iqtisadiyyatları, innovatorları və insanları birləşdirməlidir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.