Deputat: "Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirir"

Xarici siyasət
  • 29 iyun, 2023
  • 14:11
Deputat: Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirir

“Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə söylədiyi fikirlər bu ölkənin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tərəfsiz mövqedən çıxış etmədiyini bir daha təsdiq edir. Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək, Cənubi Qafqazda davamlı və etibarlı sülh mühitinin yaradılmasına mane olmaq cəhdlərini davam etdirir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlarla barışmaq istəməyən Fransa müxtəlif yollarla sülh prosesini ləngitməyə çalışır.

Millət vəkili qeyd edib ki, Fransa Prezidentinin proseslərə təzyiq cəhdləri ilə bağlı söylədiyi fikirlər isə qəbuledilməzdir: “Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bizim ölkəmiz tamamilə müstəqil siyasət yürüdür. Azərbaycanla təzyiq və hədə dilində danışmağın heç bir nəticə vermədiyinə dair onlarla nümunə göstərmək mümkündür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, müxtəlif proseslərdə təsir imkanlarının güclənməsinin əsas səbəblərindən biri də məhz Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursudur. Öz milli maraqlarına uyğun, beynəlxalq hüququn normaları çərçivəsində müstəqil qərarlar qəbul etmək Azərbaycanın xarici siyasət strategiyasının əsas prinsipi kimi qəbul edilir. Bir çox siyasətçilər Azərbaycan Prezidentinə təzyiq göstərməyin mümkün olmadığını öz çıxışlarında müxtəlif formada ifadə ediblər. Fransa dövlət başçısının açıqlaması reallığı əks etdirməməklə yanaşı, həm də siyasi peşəkarlıqdan uzaqdır”.

Soltan Məmmədov bildirib ki, bu gün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün tarixdə heç vaxt olmadığı qədər əlverişli şərtlər mövcuddur. Azərbaycan bu yaranmış imkandan istifadə edərək regionda yeni bir mərhələnin başlanması üçün təşəbbüslər irəli sürür. Fransa regionda itirməyə davam etdiyi nüfuzunu geri qaytarmaq üçün sülh prosesinə öz töhfəsini verməyə çalışmalıdır: “Proseslərin gedişi, ayrı-ayrı vaxtlarda atılmış addımlar göstərir ki, Fransa sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmağa, separatçılığı təşviq etməyə çalışır. Lakin ötən illərin təcrübəsinə baxsaq, bu cür yanaşma heç də Fransanın regiona təsir imkanlarını artırmır, əksinə, daha da zəiflədir. Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də çox vacib rol oynayır. Eyni zamanda, qlobal sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İqtisadi inkişaf göstəricilərinə, ordunun gücünə, beynəlxalq münasibətlər sistemində etibarlı roluna görə Azərbaycan çox ciddi nailiyyətlər əldə etmiş bir dövlətdir. Fransa bu reallıqları nəhayət ki, düzgün qiymətləndirməlidir”.

44 - Tezliklə