Daniel Ondruş: "Slovakiya şirkətlərinin Azərbaycanla layihələrə marağı artır"

Xarici siyasət
  • 15 iyul, 2026
  • 11:44
Daniel Ondruş: Slovakiya şirkətlərinin Azərbaycanla layihələrə marağı artır

Slovakiya şirkətlərinin Azərbaycana artan marağı iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsindən xəbər verir.

"Report" xəbər verir ki, bu barədə Slovakiyanın İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyinin (SARIO) Xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib.

Onun sözlərinə görə, forum azərbaycanlı tərəfdaşlarla sıx əməkdaşlığın nəticəsi olub və şirkətlərin yeni işgüzar əlaqələr qura və əməkdaşlığın konkret istiqamətlərini hazırlaya biləcəkləri bir platforma yaratmaq məqsədi daşıyır: "Slovakiyanın Ticarət və İnvestisiyaların Təşviqi üzrə Milli Agentliyinin (SARIO) missiyası Slovakiya şirkətlərinə beynəlxalq arenada iştirakını genişləndirməyə və xaricdə etibarlı tərəfdaşlar tapmağa kömək etməkdən ibarətdir. Bu cür biznes forumlar bu məqsədə çatmaq üçün ən səmərəli alətlərdən biridir".

D.Ondruş vurğulayıb ki, Slovakiya nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, müdafiə sənayesi, su ehtiyatlarının idarə edilməsi, infrastruktur, energetika, dağ-mədən sənayesi, eləcə də informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla geniş spektrli sahələri təmsil edən şirkətlər yer alıb: "Onlar Bakıya Azərbaycan bazarını öyrənmək, təcrübə mübadiləsi aparmaq və uzunmüddətli işgüzar tərəfdaşlıqlar qurmaq üçün gəliblər".

Onun sözlərinə görə, son üç il ərzində SARIO artıq dördüncü dəfədir ki, Azərbaycana işgüzar missiya təşkil edir: "Biz bunu Slovakiya şirkətlərinin Azərbaycana artan marağının və ölkələrimiz arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə möhkəmlənməsinin bariz sübutu kimi qiymətləndiririk".

O bildirib ki, hazırkı forum yeni birgə layihələrin həyata keçirilməsi üçün yalnız bir başlanğıc olacaq.

D.Ondruş əlavə edib ki, SARIO həm Slovakiya, həm də Azərbaycan şirkətlərinə əlaqələrin inkişaf etdirilməsində və əldə olunmuş razılaşmaların reallaşdırılmasında dəstək göstərməyə davam edəcək.

44 filmi