Corciya Dziliani: Şəhər planlamasında inklüzivlik avtomatik olaraq yaranmır

Xarici siyasət
  • 20 may, 2026
  • 10:35
Corciya Dziliani: Şəhər planlamasında inklüzivlik avtomatik olaraq yaranmır

Şəhər mühitinin inklüziv inkişaf mexanizmlərin mövcud olduğu şəraitdə belə, avtomatik olaraq təmin etmək mümkün deyil, çünki bir çox əhali qrupları qərar qəbulu prosesinə cəlb olunmaq üçün hələ də ciddi maneələrlə üzləşir.

"Report"un məlumatına görə, bunu İtaliyanın "Dare" qeyri-hökumət təşkilatının layihə meneceri Corciya Dziliani Bakıda WUF13 çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Milanda "HerCity Corvetto" layihəsi (UN-Habitat təşəbbüsü) çərçivəsində müxtəlif yaş və mədəni qruplardan olan qadınları, miqrantları və qaçqınları, uşaqları və gəncləri, anaları, yaşlı sakinləri, yerli könüllüləri və ictimai təşkilatları prosesə cəlb etmək mümkün olub.

"Müxtəlif yaş və millətlərdən olan iştirakçıların birləşdirilməsi, əlbəttə, bəzən fərqli rəy və baxışlara gətirib çıxarırdı. Lakin bu, həm də şəhər mühitinin bir çox problemlərinin müxtəlif icmalar üçün ortaq olduğunu göstərdi", - o qeyd edib.

Dziliani Milanın cənub-şərqindəki Korvetto rayonunun xüsusilə qadınlar üçün təhlükəli hesab edildiyini bildirdi.

"Narkoticarətin yüksək səviyyəsi və ictimai məkanların əsasən kişilərdən ibarət böyük qruplar tərəfindən tutulması səbəbindən bir çox qadınlar bu yerlərdən uzaq durmağa üstünlük verirlər", - o vurğulayıb.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində bölgədə müsahibələr, kollektiv müzakirələr, ərazidə gəzintilər, ərazinin xəritələndirilməsi, fotolayihələr və birgə dizayn fəaliyyətlərini əhatə edən 13 seminar təşkil edilib.

"Biz dil maneələri, qurumlara etimadsızlıq, ailə qayğısına görə insanlarda vaxt çatışmazlığı və s. çətinliklərlə üzləşdik", - Dziliani bildirib.

O deyib ki, məhz buna görə "HerCity" layihəsi yalnız məlumat toplamağa deyil, həm də daha əlçatan və inklüziv ictimai məkanların yaradılmasına yönəlib.

"Bizim üçün prosesdə kimin çatışmadığını və hansı maneələrin insanların şəhər mühitinin inkişafı ilə bağlı qərar qəbulunda iştirakına imkan vermədiyini anlamaq vacib idi", - Dziliani əlavə edib.

44 - Tezliklə