Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 00:35
Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Yermek Koşerbayevi bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmasların əməkdaşlığımızın inkişafındakı müstəsna rolu vurğulanıb.

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, eləcə də regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan və Qazaxıstanın üzv olduqları bir sıra regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.

"Report" xəbər verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd eidb ki, qazaxıstanlı həmkarı ilə iki ölkə arasında mövcud olan güclü strateji tərəfdaşlığın perspektivlərini müzakirə edib.

"Siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığımızı nəzərdən keçirdik, həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi apardıq", - nazir vurğulayıb.

Azərbaycan XİN-in müvafiq paylaşımında isə görüş zamanı beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində birgə fəaliyyətin əhəmiyyətinin vurğulandığı bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti