Çexiyanın Tehrandakı səfiri İranın Azərbaycana hücumu ilə bağlı təəssüfünü bildirib
- 06 mart, 2026
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiyanın Tehrandakı səfiri Vitezslav Qrepl İranın Azərbaycan ərazisinə raket zərbələri endirməsi ilə əlaqədar təəssüfünü ifadə edib və dinc ölkəyə qarşı bu cür hərəkətlər üçün heç bir səbəb görmədiyini vurğulayıb.
"Report"un bölgə müxbiri xəbər verir ki, bunu Çexiya səfiri İrandan təxliyə olunduqdan sonra "Astara" sərhəd buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında bildirib.
"Çox təəssüflənirəm. Mən buna və bununla bağlı hər şeyə görə təəssüf edirəm. Mən əvvəllər Azərbaycanda olmuşam - bura dinc ölkədir. Belə bir hücumun baş verməsi üçün heç bir səbəb görmürəm. Həqiqətən çox təəssüflənirəm", - səfir deyib.
Səfir həmçinin Azərbaycan sərhədinə necə gəlib çatdığını da şərh edib.
"Biz Tehrandan səhər saat beşdə yola düşdük. Sərhədin İran tərəfinə təxminən altı saata - saat 11 radələrində çatdıq. O vaxtdan bəri formallıqların həll edilməsini gözləyirdik, bu da təxminən beş saat çəkdi. Sonra sərhədin Azərbaycan tərəfinə yollandıq - bu isə təxminən beş dəqiqə çəkdi. Fərq çox böyükdür", - o qeyd edib.
Diplomat əlavə edib ki, Tehranda olduğu müddətdə partlayış səsləri eşidib, lakin şəhərdən səhər tezdən, hələ hava qaranlıq ikən çıxdığı üçün alov və ya bombaların nəticələrini görməyib.