Çen Dunsyao: Azərbaycan regional iqtisadi əməkdaşlıqda öz rolunu gücləndirmək iqtidarındadır
- 09 sentyabr, 2025
- 11:05

Azərbaycan regional iqtisadi əməkdaşlıqda öz rolunu gücləndirmək potensialına malikdir.
"Report" xəbər verir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dunsyao Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 13-cü Beyin Mərkəzləri Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Biz Azərbaycan üçün ümidverici perspektivlər görürük – ölkə təkcə öz iqtisadi inkişafında deyil, həm də regional iqtisadi əməkdaşlığın gücləndirilməsində daha böyük və konstruktiv rol oynaya bilər", - o vurğulayıb.
Ç.Dunsyaonun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi və strateji mövqeyi, həmçinin rəhbərliyin regional bağlantı məsələlərinə - xüsusilə Transxəzər marşrutunun inkişafına və "Bir kəmər, bir yol" təşəbbüsü ilə inteqrasiyaya diqqət yetirməsi kapital, investisiya, xidmət və insan resurslarının axını üçün əlverişli şərait yaradır.
Şanxay İnstitutunun prezidenti əlavə edib ki, forumun Bakıda keçirilməsi Azərbaycanın təşkilata sədrliyinin birinci ilinə təsadüf edir ki, bu da görüşə xüsusi önəm qazandırır və ölkənin strateji prioritetlərini əks etdirir.