"UK Export Finance" Orta Dəhlizin inkişafını maliyyələşdirməkdə maraqlıdır
- 06 oktyabr, 2026
- 15:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın ixrac krediti agentliyi - "UK Export Finance"ın (UKEF) Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,6 milyard ABŞ dolları) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
"Mən sizinlə (Pərviz Şahbazov - red) birgə hansı layihələrin həyata keçirilə biləcəyini müəyyən etmək istəyirəm ki, biz bu maliyyələşdirməni (5 milyard funt sterlinq - red) işə sala bilək, layihələri reallaşdıraq və burada, Azərbaycanda müvafiq obyektləri inşa edək", - o deyib.
Onun sözlərinə görə, Böyük Britaniya bu imkanlardan Azərbaycanda daha çox layihəni, xüsusilə infrastruktur, təmiz enerji və Orta Dəhlizin inkişafı sahələrində layihələri dəstəkləmək üçün istifadə etmək niyyətindədir.
"Biz həmçinin əks istiqamətdə investisiya axınlarını genişləndirmək istəyirik", - Sarvar əlavə edib.