Bolqarıstan Azərbaycan sərmayəsini cəlb etmək niyyətindədir
- 16 fevral, 2018
- 02:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Sofiya. 16 fevral. REPORT.AZ/ Bolqarıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclası bu ilin payızında Sofiyada keçiriləcək.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, komissiyanın iclası çərçivəsində iki ölkənin iş adamları arasında biznes-forumun da təşkili planlaşdırılır. "Azərbaycan Bolqarıstanın mühüm iqtisadi tərəfdaşıdır, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarət əlaqələrinə xüsusi diqqət ayırmaqla yaxşı və uzunmüddətli iqtisadi əməkdaşlıq mövcuddur. Bolqarıstanın istəyi, ikitərəfli ticarətin artırılması və Azərbaycan sərmayəsini cəlb etməkdir", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirak etmək məqsədilə Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova Azərbaycana səfər edib. Səfər çərçivəsində ötən gün bolqarıstanlı nazir Azərbaycanın Kənd Təsərrüfatı və Energetika nazirliklərində bir sıra görüşlər keçirib.