Bobur Bekmurodov: "Zəngəzur dəhlizi Mərkəzi Asiya-Cənubi Qafqaz-Avropa nəqliyyat bağlantısını gücləndirəcək"

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 12:59
Bobur Bekmurodov: Zəngəzur dəhlizi Mərkəzi Asiya-Cənubi Qafqaz-Avropa nəqliyyat bağlantısını gücləndirəcək

Özbəkistan Zəngəzur dəhlizinin yaradılmasını tam dəstəkləyir və onu regionun nəqliyyat-logistika xəritəsini dəyişdirmək gücündə olan əsas infrastruktur layihələrindən biri kimi görür.

"Report" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı, "Yüksəliş" hərəkatının sədri Bobur Bekmurodov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) Həmrəylik Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, türk dünyası daxilində yük axınlarının artması və əlaqələrin genişlənməsi ilə yeni, daha etibarlı və proqnozlaşdırıla bilən marşrutların yaradılması daha da aktuallaşır.

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri arasında nəqliyyat bağlantısını əhəmiyyətli dərəcədə gücləndirərək yük axınları üçün daha qısa, iqtisadi cəhətdən əlverişli və təhlükəsiz yolun təmin edilməsinə imkan yaradacaq.

"Zəngəzur dəhlizinin açılması bütün Türk dünyası üçün mühüm tarixi hadisə olacaq. Bu marşrut Orta Dəhlizin əsas həlqəsinə çevriləcək və xalqlarımıza fayda gətirəcək. Layihə Türk ölkələri məkanında inteqrasiyanın yeni mərhələsi olacaq", - B.Bekmurodov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Özbəkistan dəhlizi TDT daxilində iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsi prosesinin bir hissəsi kimi görür, bu isə gələcəkdə regionun dayanıqlılığını gücləndirməyə, ticarətin inkişafını sürətləndirməyə və Türk dövlətlərinin vahid nəqliyyat qovşağı kimi cəlbediciliyini artırmağa imkan verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti