Bob Blekmen: Silah embarqosunun ləğvi Londonun Azərbaycana etimadını təsdiqləyir - MÜSAHİBƏ

Xarici siyasət
  • 30 oktyabr, 2025
  • 13:09
Bob Blekmen: Silah embarqosunun ləğvi Londonun Azərbaycana etimadını təsdiqləyir - MÜSAHİBƏ

Böyük Britaniya Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərin təməlini enerji sahəsində, ilk növbədə, otuz il ərzində ölkənin neft-qaz yataqlarının işlənməsində aparıcı rol oynayan BP şirkəti ilə əməkdaşlıq təşkil edir. Lakin son illərdə Bakı və London ticarət, təhsil, eləcə də mədəniyyət sahələrində qarşılıqlı əlaqələri genişləndirmək üçün münasibətlərin şaxələndirilməsini təşviq edir.

Parlament səviyyəsində də səmərəli əməkdaşlıq müşahidə edilir. Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Blekmen "Report"a müsahibəsində Britaniya parlamentarilərinin Azərbaycana artan marağı, ölkələr arasında etimadın gücləndirilməsi və bu prosesdə parlament diplomatiyasının rolu barədə danışıb.

- Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Birləşmiş Krallıqla Azərbaycan arasında möhkəm və dinamik şəkildə inkişaf edən münasibətlər mövcuddur. Bu münasibətlər, qarşılıqlı hörmətə, ortaq strateji maraqlara və uzunmüddətli əməkdaşlıq tarixinə əsaslanır. Burada BP şirkətinin əsas rol oynadığı enerji sahəsini xüsusi vurğulamaq lazımdır. Bundan əlavə, Böyük Britaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biri olub və o vaxtdan bəri Birləşmiş Krallığın investisiyaları ölkənin inkişafında əhəmiyyətli rol oynayıb.

Bu gün bizim tərəfdaşlığımız neft-qaz sənayesindən kənara çıxaraq bərpa olunan enerji mənbələri, təhsil, ticarət və mədəni mübadilə kimi sahələri əhatə edir. Əməkdaşlığımızın gələcəyə istiqamətlənməsinə və qarşılıqlı etimada əsaslanmasına şadam. Bu etimad Azərbaycanın Londondakı səfirliyinin gördüyü əla iş və bu işə sadiqliyi ilə möhkəmlənir.

- Parlamentlərarası dialoq necə formalaşır, 2026-cı il üçün qrupun təşəbbüsləri və planları nələrdir?

- Ölkələrimiz arasında parlamentlərarası dialoq hər il dərinləşir. Azərbaycan üzrə Partiyalararası Parlament Qrupu (APPG) parlamentlərimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. O, geniş məsələlər dairəsi üzrə açıq və konstruktiv müzakirələrə töhfə verir və Milli Məclisdəki (Azərbaycan parlamenti - red.) dostluq qrupu ilə sıx qarşılıqlı əlaqəni dəstəkləyir. Biz həm Londonda, həm də Bakıda parlament səfərlərinin, ikitərəfli görüşlərin və birgə təşəbbüslərin sayında əhəmiyyətli artım müşahidə edirik.

Ortamüddətli perspektivdə APPG "yaşıl enerji", münaqişədən sonrakı bərpa və təhsil tərəfdaşlıqları sahəsində əməkdaşlığın inkişafına diqqəti cəmləşdirməyi planlaşdırır. Biz, həmçinin sülh sazişinin paraflanmasından (Ermənistanla - red.) sonra əldə edilmiş irəliləyişlərlə yerində tanış olmaq və gələcək qarşılıqlı fəaliyyət üçün yeni istiqamətlər müəyyənləşdirmək məqsədilə Azərbaycana parlament nümayəndə heyətinin səfərinin təşkil edilməsi imkanını nəzərdən keçiririk.

- 2023-cü ilin aprelində Britaniya parlamentinin nümayəndə heyəti Ağdama səfər edib. Yaxın zamanda Azərbaycanın azad edilmiş ərazilərinə regiondakı tikinti-bərpa işləri ilə tanış olmaq məqsədilə yeni səfərlər planlaşdırılırmı?

- Bəli, şübhəsiz. 2023-cü ildə Ağdama səfər həqiqətən heyranlıq doğuran təcrübə oldu. İşğal dövründə törədilmiş dağıntıların miqyasını öz gözlərimizlə görmək bərpa işlərindəki irəliləyişlə yanaşı, hamımızda unudulmaz təəssürat yaratdı. Xüsusilə geniş ərazilərin minalardan təmizlənməsi üçün göstərilən səylər ilhamverici oldu.

Hazırda azad edilmiş ərazilərə yeni parlament nümayəndə heyətinin səfər etməsi imkanlarını araşdırırıq, ideal halda bu səfərin 2026-cı ilin əvvəlində baş tutması nəzərdə tutulur. Bu cür səfərlər parlamentarilər üçün mühüm əhəmiyyət daşıyır. Bizə Azərbaycanın bu regionların davamlı bərpasına sarsılmaz sadiqliyinə əmin olmaq imkanı verir.

Bu cür səfərlər Azərbaycanın zəngin mədəni irsi və tarixini qiymətləndirmək imkanı yaradır. Bütün bunlardan əlavə, bu səfərlər (Böyük Britaniyanın - red.) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyir.

- Ölkələr arasındakı cari iqtisadi qarşılıqlı əlaqəni necə qiymətləndirirsiniz və onun genişləndirilməsi üçün hansı perspektivlər görürsünüz?

- Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin təməllərindən biridir. Britaniya, ilk növbədə BP və ölkənizin enerji sektoruna töhfə verən digər britaniyalı şirkətlər sayəsində Azərbaycanda ən böyük xarici investor olaraq qalır. Sevindirici haldır ki, indi biz bərpa olunan enerji mənbələri, infrastruktur, maliyyə və təhsil sahələrində təsirli şaxələnmə müşahidə edirik. Bu sahələrdə əməkdaşlığımızın genişlənməsini səbirsizliklə gözləyirəm.

Cənub Qaz Dəhlizi (SGC) və Xəzər dənizini Avropa ilə birləşdirən yeni "yaşıl enerji dəhliz"ləri Britaniya təcrübəsi üçün geniş imkanlar açır. Bununla yanaşı, rəqəmsal transformasiya, aqrotexnologiyalar və dayanıqlı şəhər inkişafında böyük potensial görürəm. Azərbaycanın strateji mövqeyi və Britaniyanın qlobal investisiya təcrübəsi sayəsində tərəfdaşlığımız regional əlaqələrin və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.

- Azərbaycan parlamentariləri ilə iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əməkdaşlıq necə həyata keçirilir?

- Bu, inkişaf edən əməkdaşlıq sahəsidir. Qanunverici orqanlarımız qəbul edir ki, gələcək davamlı inkişafdadır. 2024-ci ildə Azərbaycanda COP29 iqlim konfransının keçirilməsi ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə və "yaşıl enerji"nin istehsalının təşviqinə sadiqliyini vurğulayıb. Konfrans haqqında müsbət rəyləri eşitməkdən həqiqətən məmnun oldum.

Britaniya parlamentariləri olaraq, biz azərbaycanlı həmkarlarımızla bərpa olunan texnologiyalar, karbon qazı emissiyalarının azaldılması və dayanıqlı şəhər planlalaması sahəsində ən yaxşı təcrübələri bölüşmək üçün əməkdaşlıq edirik. Dostluq qrupu xüsusilə Britaniyanın innovasiyalarını Azərbaycanın "yaşıl iqtisadiyyat"a keçidi ilə əlaqələndirən təşəbbüsləri, məsələn, azad edilmiş ərazilərdə külək və günəş enerjisi layihələrini dəstəkləməkdə maraqlıdır.

- Böyük Britaniyanın Avropa və Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti bəyan edib ki, London Azərbaycan və Ermənistana silah tədarükünə tətbiq edilən embarqonu tam şəkildə ləğv edir. Britaniyanın Azərbaycanla müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa marağı nə qədər yüksəkdir və London Bakıya bu istiqamətdə nə təklif edə bilər?

- Silah tədarükünə tətbiq edilən embarqonun ləğvi Böyük Britaniya və Azərbaycan münasibətlərində yeni bir səhifə açır. Bu, Britaniya hökumətinin Azərbaycana regionda (Cənubi Qafqazda - red.) sabit və məsuliyyətli tərəfdaş kimi inamını əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, təbii ki, məsuliyyətli şəkildə inkişaf edəcək. Kadrların hazırlanması, kibertəhlükəsizlik, sərhədlərin idarə edilməsi və terrorizmə qarşı mübarizəyə diqqət yetiriləcək. Bu, xüsusilə Azərbaycanın geosiyasi mövqeyini nəzərə alaraq vacibdir. Ölkə İran, Rusiya, Ermənistan və Gürcüstanla həmsərhəddir.

Azərbaycan regional sabitliyin qorunmasında, eləcə də Avropa ilə Asiyanı təhlükəsiz nəqliyyat və enerji dəhlizləri ilə birləşdirməkdə həlledici rol oynayır. Böyük Britaniya müdafiənin modernləşdirilməsi, Xəzər dənizində dəniz təhlükəsizliyinin təmin edilməsi və azad edilmiş ərazilərdə humanitar minatəmizləmə səyləri sahəsində təcrübəsini bölüşməklə öz töhfəsini verə bilər. Bütün bunlar tərəfdaşlığın nəzərə çarpacaq qarşılıqlı fayda gətirə biləcəyi sahələrdir.

Son xəbərlər

Bütün Xəbər Lenti