BMT rəsmisi: İrandan 5 milyondan çox əfqan qaçqının geri göndərilməsi ölkədəki vəziyyəti ağırlaşdırıb
- 20 may, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanda humanitar böhran ağır olaraq qalır.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Əfqanıstan üzrə direktoru Steffani Luz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Böhran Sonrası Qayıdış üçün Mənzil: Davamlı Həllərin Təmin Edilməsi" adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, 2023-cü ildən etibarən ölkə əhalisi 12 %-dən çox artıb:
"İnsanların yarıdan çoxunun humanitar yardıma ehtiyacı var. Ölkədə milyonlarla insan hələ də məcburi köçkün vəziyyətində yaşayır. Bunun əsas səbəbləri sırasında iqlim dəyişikliyi, təbii fəlakətlər və uzunmüddətli münaqişələr göstərilib".
Çıxışçı bildirib ki, İrandan 5 milyondan çox əfqan qaçqının geri göndərilməsi vəziyyəti daha da çətinləşdirib:
"Bu proses ölkənin sosial və iqtisadi imkanlarına əlavə təzyiq yaradır. Əfqanıstan hökuməti geri qayıdan əhali üçün torpaq sahələrinin ayrılması istiqamətində addımlar atır. Bununla belə, insanların böyük əksəriyyətinin məskunlaşma problemi həll edilməyib".