BMT Baş Assambleyasının prezidenti: Azərbaycanın COP29 prezidentliyi qlobal dialoqu daha da dərinləşdirdi - MÜSAHİBƏ
- 06 sentyabr, 2025
- 10:01

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq prezidentlik müddətinin başa çatmasına sayılı günlər qalmış "Report"un ABŞ bürosunun suallarını cavablandırıb. Baş Assambleya prezidenti sessiya ərzində əldə olunan nailiyyətlər, regionda baş verən bir sıra mühüm məsələlər və Azərbaycanın COP29-a sədrliyində əldə olunan uğurlar barəsində danışıb.
- Cənab prezident, BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri kimi müddətiniz başa çatmaq üzrədir. Bu sessiya ərzində əsas nailiyyətlər və qarşılaşdığınız çətinliklər nələr oldu?
- Liderlik etdiyim 79-cu sessiyada - multilateralizmin indiyə kimi heç olmadığı qədər sınaqdan keçirildiyi bir dövrdə Baş Assambleya qlobal əməkdaşlığın təsdiqlənməsində mühüm rol oynadı. Sessiyanın əvvəlində qəbul edilən "Gələcək üçün Pakt", habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə işimizin təməlini təşkil etdi. Bu sənəd kollektiv fəaliyyətə, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yenilənmiş öhdəlik tələb edirdi. Sessiya boyunca üzv dövlətlərlə yaxından əməkdaşlıq edərək Bəyannamənin milli prioritetlər və kontekstlərlə uyğun tətbiqini təmin etdik. Həmçinin müxtəlif - uşaq əməyinin aradan qaldırılması, atıcı silahların qeyri-qanuni axınının davamlı inkişafa təsirinin qarşısının alınması və Afrikada rəqəmsal uçurumun azaldılması üçün təşəbbüslər kimi qlobal məsələlərə diqqət yetirdik. Bu addımlar yalnız qlobal gündəmi formalaşdırmadı, həm də sessiyanın mənalı dialoq və hərəkətləri təşviq etməkdəki uğurunu göstərdi.
Sessiyanın nailiyyətləri ilə yanaşı, BMT-nin maliyyə vəziyyəti də böyük çağırış kimi diqqət çəkdi. Likvidlik böhranı realdır və üzv dövlətlərin BMT-yə və onun missiyasına ciddi öhdəlik göstərmədən həll olunmayacaq. Mən bütün üzv dövlətlərə təşkilata borclarını tam və vaxtında ödəməyi tövsiyə edirəm ki, BMT hər kəs üçün daha yaxşı gələcək uğrunda məqsədlərinə nail ola bilsin. Mən Baş katibin üzv dövlətlərin dəstəyi ilə likvidlik vəziyyətinin təsirini lazımi islahatlar vasitəsilə aradan qaldırmaq səylərini dəstəkləyirəm. BMT-yə dəstəyimiz qəti olmalıdır.
- Qeyd etdiyiniz kimi, multilateralizmin gücləndirilməsi sizin mandatınızın əsas mövzusu idi. Prezidentliyiniz dövründə üzv dövlətlər arasında etimadın bərpası və qlobal əməkdaşlığın canlandırılması üzrə hansı irəliləyişlər əldə olunub?
- BMT Nizamnaməsinin məqsədləri, prinsipləri və vəzifələri əsasında qurulmuş güclü beynəlxalq əməkdaşlıq və multilateralizm üzv dövlətlər arasında etimadın bərpası və qlobal əməkdaşlığın canlandırılması üçün kollektiv səylərimizi istiqamətləndirdi. Bu baxımdan, "Gələcək üçün Pakt"ın və onun əlavələrinin - Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamənin qəbul edilməsi mühüm hadisə oldu. Bu, üzv dövlətlərin multilateralizmə sadiqliyini təsdiqləməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təcili addımların vacibliyini göstərdi. Bəyannamənin icrası ilə milli və beynəlxalq səviyyədə sözləri əmələ çevirmək üçün təşviqedici addımlar atılmağa başlandı.
İyun ayında BMT Nizamnaməsinin imzalanmasının 80-ci ildönümü qeyd olundu. Bu tədbir üzv dövlətlərə dialoq, həmrəylik və kollektiv fəaliyyətə öhdəliklərini yeniləmək imkanı verdi və nizamnamə prinsiplərinin bu gün də 1945-ci ildəki kimi aktual olduğunu təsdiqlədi.
Sessiya göstərdi ki, yenilənmiş geosiyasi gərginliklərə baxmayaraq, multilateralizm insanlıq üçün ən yaxşı yol olaraq qalır. BMT təmsilçi və inklüziv platforma olaraq ümumi çağırışlarımızla üzləşməkdə davam edir. Məsələn, "Sevilya öhdəliyi"nin qəbulunda olduğu kimi, sözügedən məqsədlərə nail olmaq üçün maliyyə boşluğunun aradan qaldırılmasının vacibliyi təsdiqləndi. Yeni Süni İntellekt üzrə İdarəetmə Arxitekturasının yaradılması isə bu texnologiyaların sürətli inkişafının təsirini qiymətləndirmək və riskləri idarə etmək üzrə qlobal səylərin nə qədər təcili olduğuna diqqət çəkdi.
- Dünya silahlı münaqişələrdən humanitar fövqəladə hallara qədər müxtəlif böhranlarla üz-üzədir. Prezidentliyiniz dövründə Baş Assambleya dialoq və sülh yolu ilə həll üçün hansı istiqamətlərdə platforma rolunu oynamışdır?
- Prezidentliyim dövründə BMT Baş Assambleyası dialoq üçün mühüm platforma rolunu oynadı. Baş Assambleya Ukrayna və Qəzza ilə bağlı qəbul edilən qətnamələr kimi vacib məsələlərdə BMT-nin daha geniş üzvlüyünün güclü səsini və siyasi iradəsini nümayiş etdirdi. Mənim əsas mesajım Baş Assambleya prezidenti kimi münaqişələrin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanan dialoq və diplomatiya yolu ilə həll edilməsinin vacibliyi olmuşdur.
Əfqanıstan, Haiti, Qəzza, Myanma, Sudan və digər yerlərdə böhranların artdığını nəzərə alaraq 79-cu sessiya üzv dövlətlərə beynəlxalq humanitar hüququn tətbiqindəki çətinlikləri müzakirə etmək imkanı verdi. Bu çərçivədə 2025-ci ilin yanvarında "Silahlı münaqişədə insan ləyaqətinin qorunması" mövzusunda qeyri-rəsmi interaktiv dialoq keçirdim. Dialoq beynəlxalq humanitar hüquqa riayətin gücləndirilməsi üçün çoxtərəfli və milli səylərin əhəmiyyətini vurğuladı və əsas prinsip ortaya çıxdı: müharibənin də qaydaları var və beynəlxalq humanitar hüquq mütləq qorunmalıdır.
- Beynəlxalq ictimaiyyətin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini necə qiymətləndirirsiniz və hansı təxirəsalınmaz tədbirlər görülməlidir?
- 2030-cu ilə yaxınlaşdıqca aydın olur ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyiş əldə olunsa da, həmin hədəflərin üçdə birindən çoxu qeyri-bərabər və yetərsiz qaldığından kollektiv öhdəliyimiz gücləndirilməlidir. Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi insanlar, planet və rifah, ən əsası isə sabitlik və sülhü təşviq etmək üçün ümumi planımız olaraq qalır. Biz bilirik ki, inkişafın ləngidiyi yerdə qeyri-sabitlik tez-tez baş verir, imkan və möhkəmlik kök salan yerdə sülhün üstünlük təşkil etmək şansı daha güclü olur. Bununla belə, iqlim dəyişikliyi və münaqişələrdən tutmuş, borc sıxıntısına və genişlənən bərabərsizliklərə qədər dəyişən qlobal böhranlar bizi geri qaytardı, yeni təcili və kollektiv həll tələb etdi. İspaniyanın Sevilya şəhərində bu yaxınlarda keçirilmiş İnkişaf üçün Maliyyələşdirmə üzrə Dördüncü Beynəlxalq Konfransın nəticələrinin qəbul edilməsi bir daha təsdiq etdi ki, məqsədlərə nail olmaq üçün əlverişli maliyyələşdirmənin genişləndirilməsi, beynəlxalq maliyyə arxitekturasında islahatların aparılması və dayanıqlı olmayan borc yüklərinin aradan qaldırılması üçün cəsarətli fəaliyyət tələb olunur. Üzv dövlətlər razılaşdılar ki, maliyyə çatışmazlığı aradan qaldırılmadan, xüsusən də ən çox ehtiyacı olan ölkələr üçün öhdəliklərimiz əlçatmaz qalacaq. İndi ən aktual məsələ bu öhdəlikləri sürətləndirilmiş fəaliyyətə çevirməkdir. Biz maliyyə axınının inklüziv və davamlı inkişafı dəstəkləməsini təmin etməliyik; elm, texnologiya və innovasiyaya investisiyaların genişləndirilməsi və hamı üçün əlçatan olması, sərhədlərarası çağırışlara cavab vermək üçün çoxtərəfli əməkdaşlıq gücləndirilir. Gələcəyə nəzər salsaq, Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi, "Gələcək üçün Pakt" və Sevilya öhdəliyi gücləndirilmiş çoxtərəflilik, davamlı inkişaf üçün genişləndirilmiş qlobal əməkdaşlıq və daha ədalətli, əhatəli və dinc dünya üçün daha geniş baxış təklif etməklə səylərimizi tamamlayır.
- İqlim dəyişikliyi çağımızın əsas problemi olaraq qalır. Sizin sədrlik dövrünüzdə Baş Assambleya iqlim tədbirlərində və ekoloji məsuliyyətin təşviqində hansı rolu oynayıb?
- Baş Assambleyanın universal üzvlüyü iqlim tədbirləri üzrə ədalət, həmrəylik və hesabatlılıq platforması kimi xidmət etməyə davam edir. Sessiyanın əvvəlində qəbul edilən "Gələcək üçün Pakt" üzv dövlətlərin iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək öhdəliyini təsdiqləyərək sessiyaya siyasi təkan verdi.
Mən Baş Assambleyanı Azərbaycanın ev sahibliyi etdiyi COP29-da təmsil etdim və əlavə iqlim maliyyəsinin təmin olunması mövzusunu vurğuladım. Eyni zamanda, COP30-un prezidenti tərəfindən keçirilən qeyri-rəsmi məlumat sessiyası ilə üzv dövlətlər arasında dialoqu təşviq etdim.
Bundan əlavə, mən Baş Assambleyanı Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəy iclasında təmsil etdim. Orada hakimlər dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərini yekdilliklə təsdiqlədilər. Bu tarixi qərar bütün dövlətlərdən təcili addımlar tələb edir: emissiyaların azaldılması, iqlim razılaşmalarının icrası və həssas əhali və ekosistemlərin qorunması.
- Azərbaycanın ev sahibliyi etdiyi COP29-da qlobal həmrəyliyə diqqət çəkən çıxış etmişdiniz. Azərbaycanın COP29 prezidentliyini necə qiymətləndirirsiniz və bu sammitin BMT Baş Assambleyasının geniş iqlim gündəliyinə töhfəsi nə oldu?
- Azərbaycanın COP29 sədrliyi vaxtında və transformativ təşəbbüs kimi çıxış edərək ölkəni fosil yanacaq iqtisadiyyatları ilə iqlim baxımından həssas dövlətlər arasında körpü mövqeyinə gətirdi. Regional adaptasiya çağırışlarını ön plana çəkməklə və ədalətli keçidi təşviq etməklə COP29 sədrliyi ədalət və həmrəylik mövzusunda qlobal dialoqu daha da dərinləşdirdi.
Hesab edirəm ki, bu sammit iqlim maliyyəsi üzrə öhdəliklərin gücləndirilməsi, Paris Sazişi çərçivəsində karbon bazarı qaydalarının yekunlaşdırılması ilə inklüziv enerji keçidinə dair prinsipial yol xəritəsinin müəyyən olunması və İtki və Zərər Fondunun fəaliyyətə başlaması istiqamətində mühüm nəticələrə nail oldu. Mənim fikrimcə, bu nailiyyətlər Baş Assambleyanın davamlı inkişaf, iqlim ədaləti və çoxtərəfli iqlim idarəçiliyi ilə bağlı qətnamələrində əks olunan daha geniş iqlim gündəliyini gücləndirdi. Bu ilin sonlarında Braziliyanın ev sahibliyi edəcəyi COP30-da atılacaq növbəti addımları səbirsizliklə gözləyirəm.