Beynəlxalq səyyahlar Qarabağdakı Gəncəsər monastırını ziyarət ediblər

Xarici siyasət
  • 09 oktyabr, 2026
  • 16:50
Beynəlxalq səyyahlar Qarabağdakı Gəncəsər monastırını ziyarət ediblər

Dünyaca məşhur "Most Traveled People" (MTP) klubunu təmsil edən bir qrup beynəlxalq səyyah Qarabağdakı qədim alban monastırı Gəncəsəri ziyarət edib.

"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, monastırı ziyarət zamanı səyyahlara abidənin tarixi, işğal dövründə onun memarlığına edilmiş qanunsuz müdaxilələr, eləcə də bununla bağlı hüquqi məsələlər barədə məlumat verilib.

Qonaqlar həmçinin qədim Alban monastırının tarixi-memarlıq xüsusiyyətləri və kompleksin ərazisi ilə tanış ola biliblər.

Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin ikinci günüdür. Nümayəndə heyətinin tərkibinə ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs daxil olub.

Bu, aparıcı beynəlxalq səyyahlar klublarının 2021-ci ildən 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.

Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.

44 - Tezliklə