“Beynəlxalq ictimaiyyətin susqunluğu davam edir” - RƏY

Xarici siyasət
  • 03 aprel, 2023
  • 11:30
“Beynəlxalq ictimaiyyətin susqunluğu davam edir” - RƏY

“Beynəlxalq ictimaiyyətin Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı susqunluğu davam edir”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, Ermənistanın mina terroru davam edir:

“Ötən gün Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu da minaya düşərək həlak olub. Son 3 ilə yaxın müddətdə 288 soydaşımız minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir. Amma təəssüf ki, bu məsələ ilə bağlı susqunluq davam edir. Nəticədə regionda sülh və təhlükəsizliklə bağlı təhdid qalmağa davam edir, müharibə bitsə də, mina qurbanlarının sayı artır. Məsələ burasındadır ki, həmin minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Bu, minaların artıq müharibədən sonra basdırıldığını təsdiqləyir. Bu gün Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir. Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları da aşkar olunub. Partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək insanlıq əleyhinə cinayətdir”.

Onun sözlərinə görə, bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin ifadəsidir:

“Bu barədə Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Eyni zamanda Azərbaycan nümayəndə heyəti olaraq AŞPA-nın iclaslarında da Ermənistanın mina terrorunu qaldırmışıq. Beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılıb ki, azad olunmuş ərazilərə qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Minaların yerləşdirilməsi faktları hətta Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib”.

“Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Məqsəd bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir. Tələ minalarının, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir. Belə olan halda Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılması zəruridir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli bəyanatın məqsəd və məramlarına uyğun olaraq, təmin edilməsi barədə təklif irəli sürüb. Beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşsa da Ermənistanın ilkin reaksiyası mənfi olub”-, deputat bildirib.

K.Nurullayeva vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsinin qurulması Ermənistan tərəfindən yoldan sui-istifadə hallarının qarşısının alınması deməkdir: “Amma sözügedən məsələlər yalnız Ermənistanın istəyindən asılı deyil. Azərbaycan bölgədə söz sahibidir və rəsmi Bakının irəli sürdüyü bütün təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Görünən budur ki, nəzarət-buraxılış məntəqəsi yaradılmasa, erməni təxribatları daha geniş miqyas alacaq. Həmçinin mina terroru da can almaqda davam edəcək. Bir sözlə, Ermənistan öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmır, mina təhdidlərini davam etdirir. Belə olan halda Azərbaycan tərəfinin də bəyan etdiyi kimi, regionda yaranmış gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.