Beruto: İtkin düşmüş şəxslər probleminin həlli mütəxəssislərin sistemli hazırlığını tələb edir
- 07 oktyabr, 2026
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslər probleminin həlli mütəxəssislərin sistemli hazırlığını və dövlət orqanları ilə humanitar təşkilatlar arasında səmərəli qarşılıqlı fəaliyyəti tələb edir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Humanitar Hüquq İnstitutunun (IIHL) baş katibi Can Luka Beruto "Bakı dialoqu" çərçivəsində itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, müvafiq mütəxəssislər saxlanılan məlumatların dəqiq uçotunu aparmağı, ölənlər barədə məlumatları saxlamağı, ailələrlə əlaqələrə kömək etməyi, səlahiyyətli orqanlar və humanitar təşkilatlarla əməkdaşlıq etməyi bacarmalıdırlar.
"Silahlı münaqişə şəraitində bir şəxs itkin düşdükdə, humanitar nəticələr təkcə itkin düşməklə bitmir. Ailələr üçün qeyri-müəyyənlik daimi bir problemə çevrilə bilər", - Beruto vurğulayıb.
Baş katib qeyd edib ki, problemin effektiv həlli bir qurumdan və ya ayrı bir tədbirdən asılı ola bilməz. Məlumatların toplanması və qorunub saxlanması, itkin düşənlərin axtarışı və qalıqların identifikasiyası üçün hüquqi və institusional mexanizmlər zəruridir.
O, həmçinin həm itkin düşmə hallarının qarşısının alınmasında, həm də itkin düşənlərin axtarışı prosesində dövlətlər, humanitar təşkilatlar və digər aidiyyəti qurumlar arasında əməkdaşlığın zəruriliyini vurğulayıb:
"Hər bir itkin düşən şəxsin arxasında qeyri-müəyyənlik şəraitində yaşayan bir hekayə, ailə və icma dayanır. Beynəlxalq humanitar hüquq müharibənin səbəb olduğu bütün iztirabları aradan qaldıra bilməz, lakin o, zərərçəkənlərin müdafiəsi və məsuliyyətin müəyyənləşdirilməsi üçün aydın çərçivə yaratmağa qadirdir".