Basim Reza: Azərbaycan-Pakistan-Türkiyə sammiti ölkələrin regional sabitliyə sadiqliyini nümayiş etdirdi
- 29 may, 2025
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında keçirilən üçtərəfli sammit ölkələrin regional sabitliyə və qarşılıqlı rifaha ümumi sadiqliyini vurğuladı.
Bunu “Report”a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib.
Politoloqun fikrincə, Pakistanın Baş naziri Şahbaz Şərifin sammitdə iştirak etmək üçün Azərbaycana səfəri İslamabadın sərhəd təhlükəsizliyi, müdafiə və regional əməkdaşlıq məsələlərinin müzakirəsinə marağını əks etdirir.
"Səfərlərin ardıcıllığı (Ş.Şərifin 25-30 may tarixlərində regiona səfərləri) münasibətlərə strateji yanaşmanı əks etdirir və bu yanaşma əməkdaşlığın qarşılıqlı şəkildə gücləndirilməsinə əsaslanır: əvvəlcə müdafiə və ticarət sahəsində münasibətlərin gücləndirilməsi məqsədilə Türkiyədə danışıqlar, İranla sərhəd təhlükəsizliyi və regional sabitlik məsələlərində əməkdaşlıq, müdafiə və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycanda tərəfdaşlıq münasibətlərinin təsdiqlənməsi və Mərkəzi Asiya kontekstində əlaqələrin gücləndirilməsi məqsədilə səfərə Tacikistanda yekun vurulması", - o bildirib.
B.Reza əlavə edib ki, ölkələr həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində enerji təhlükəsizliyinin təmin edilməsi və regional infrastruktur təşəbbüsləri sahəsində əməkdaşlığa hazırdır.
Bakı və İslamabad arasında ikitərəfli əməkdaşlığa toxunan politoloq əlavə edib ki, münasibətlər müdafiə, enerji və regional diplomatiya sahəsində fəal qarşılıqlı əlaqə ilə xarakterizə olunan strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
"Birgə hərbi təlimlər və müdafiə sahəsində sazişlər, məsələn, Azərbaycanla “JF-17” təyyarələrinin tədarükü haqqında saziş regional təhlükəsizliyə sadiqliyimizi nümayiş etdirir. Ölkələrimiz öz strateji mövqeləri və resurslarından istifadə edərək daha inteqrasiya olunmuş və təhlükəsiz regional struktur yaratmağa çalışır", - o əlavə edib.