Baş Prokurorluğun nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Xarici siyasət
  • 19 may, 2026
  • 16:56
Baş Prokurorluğun nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının mənzil-qərargahının yerləşdiyi Niderlandın Haaqa şəhərində qurumun Baş katibi Roel Dona və digər rəsmi şəxslərlə görüş keçirib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Görüş zamanı Roel Dona Azərbaycan ilə Assosiasiya arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, Azərbaycan Prokurorluğunun Assosiasiyanın fəaliyyətinə verdiyi töhfə və göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.

Heydər Məmmədov isə Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq prokurorluq orqanlarında beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

O qeyd edib ki, bu yanaşma hüququn aliliyinin möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizə sahəsində qəbul olunan dövlət proqramları və milli strategiyalarda da öz əksini tapıb.

Görüş zamanı Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında uzun illərə söykənən əməkdaşlıq münasibətlərinin formalaşdığı diqqətə çatdırılıb.

H.Məmmədov Azərbaycanın Assosiasiyaya dəstəyinin bundan sonra da davam edəcəyini vurğulayaraq, 2026-cı ilin noyabr ayında Riyad şəhərində keçiriləcək BPA-nın 31-ci İllik İclas və Ümumi Yığıncağının yüksək səviyyədə təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, görüş çərçivəsində həmçinin 2-4 iyun tarixlərində Assosiasiyanın yeni təyin olunmuş Baş müşaviri Tarika Jayaratnenin rəhbərlik edəcəyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.