Banqladeş səfiri: Ölkələrimiz arasında vizaların ləğv edilməsi üçün təkliflər vermişik
- 08 oktyabr, 2025
- 14:29

Banqladeşlə Azərbaycan arasında vizaların ləğv edilməsi üçün təkliflər verilib.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Banqladeş Xalq Respublikasının Azərbaycan üzrə qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Amanul Haq bildirib.
Banqladeşlə Azərbaycan arasında bu günə qədər birbaşa uçuşun da olmadığını qeyd edən səfir deyib ki, iki ölkə arasında əlaqələr günü-gündən yaxşılaşdığı üçün birbaşa hava əlaqəsinin təmin olunması ilə bağlı müqavilə imzalanmasına ölkəsi təşəbbüs göstərib:
"Bununla yanaşı iki ölkə arasında vizaların asanlaşdırılması da nəzərdən qaçılmamalıdır. Xalqlarımızın qarşılıqlı səfərlərinin təmin edilməsi, məsələn, Azərbaycana daha çox Banqladeşli turistin, Banqladeşə isə daha çox azərbaycanlı turistin getməsi üçün vizaların yüngülləşdirilməsi başlıca faktorlardan biridir. Biz artıq qarşı tərəfə təklifimizi vermişik və müsbət cavab alacağımızı düşünürük".