Bakıda itkin düşmüş şəxslərlə bağlı humanitar əməkdaşlıq üzrə panel sessiyası keçirilib
- 08 oktyabr, 2026
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"nın ikinci günündə "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimad quruculuğu tədbirləri" adlı panel sessiyası keçirilib.
"Report"un məlumatına görə, sessiyada çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Uğur Bayraktutan bildirib ki, itkin düşmüş şəxslərin axtarılması, tapılması və şəxsiyyətinin müəyyənləşdirilməsi yalnız texniki və ya hüquqi proses kimi qiymətləndirilməməlidir:
"Bu, eyni zamanda, humanitar məsuliyyət, ailələrin hüquqlarına, keçmişinə və irsinə hörmətin ifadəsi, cəmiyyətlərin öz keçmişi ilə sağlam şəkildə üzləşməsinin mühüm şərtidir. Bu məqamda Azərbaycanın nümunəsinin bizim üçün xüsusilə əhəmiyyətli olduğunu düşünürəm. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız iki dövlət arasındakı diplomatik əlaqələrdən ibarət deyil. Tarixi, ictimai və insani bağlar Türkiyə-Azərbaycan münasibətlərinin əsasını təşkil edir. İki ölkə arasındakı əlaqələr hər keçən gün daha da möhkəmlənir və inkişaf edir. Azərbaycanın üzləşdiyi humanitar problemlərə Türkiyənin biganə qalması əsla düşünülə bilməz. Bu baxımdan, Azərbaycanın nümunəsində qarşılaşılan problemlər də bizim üçün istiqamətverici əhəmiyyət daşıyır".
Monteneqronun sabiq müdafiə naziri Milika Durisic çıxışında bildirib ki, bu gün Cənubi Qafqaz regionunda bir çox ailə üçün müharibə hələ də tam olaraq keçmişdə qalmayıb:
"Bu müharibə onların yaxınlarının başına nə gəldiyinə dair cavabsız suallarda çox şəxsi və ağrılı şəkildə özünü göstərməkdə davam edir. Sülh sazişi müharibəni dayandıra bilər, lakin o, müharibələrin bütün humanitar nəticələrini öz-özünə həll edə bilməz".
Keçmiş nazir vurğulayıb ki, itkin düşmüş şəxslər məsələsinə yalnız sülh prosesindən sonra həll edilməli olan məsələ kimi yanaşmaq olmaz:
"Bu məsələ sülh prosesinin bir hissəsi olmalıdır. İtkin düşmüş şəxslərin axtarışı münaqişədən çıxan cəmiyyətlər üçün mövcud olan ən praktik etimadquruculuq tədbirlərindən birinə çevrilə bilər. Çünki siyasi mövqelər kəskin şəkildə fərqli qalsa belə, bu ortaq prinsip bəzən siyasi dialoqun aça bilmədiyi qapıları aça bilər. Bu, qurumlar arasında kommunikasiya kanallarının yaradılmasına, sənədlərin və məlumatların mübadiləsinə, məhkəmə-tibb ekspertlərinin, hərbçilərin, araşdırmaçıların, humanitar təşkilatların və ən əsası, ailələrin bir araya gətirilməsinə imkan yarada bilər".
Pakistan Ali Məhkəməsinin hüquqşünası Muhammad Sohail Sacid vurğulayıb ki, beynəlxalq humanitar hüququn normalarına əsasən, tərəflər itkin şəxslərin taleyini müəyyənləşdirmək üçün bütün mümkün tədbirləri görməli və onların ailələrini məlumatlandırmalıdırlar:
"Humanitar hüquq bu öhdəlikləri daha da gücləndirir. Bütün Şəxslərin Məcburi Yoxa Çıxmadan Müdafiəsi üzrə Beynəlxalq Konvensiyanın 24-cü maddəsi itkin düşmüş şəxsin taleyi barədə həqiqəti bilmək hüququnu tanıyır. Konvensiya iştirakçı dövlətləri həmin şəxslərin axtarışını aparmağa və qalıqları aşkar edildikdə ailələrinə qaytarmağa öhdələndirir".
Kolumbiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Beynəlxalq Humanitar Hüquq İdarəsinin direktoru Yesid Andres Serrano Alarkonun fikrincə, Kolumbiyanın bu sahədəki təcrübəsi itkin düşmüş şəxslərin axtarışının sülhə keçid şəraitində etimadın yaradılmasına xidmət edən konkret tədbirə çevriləcəyini göstərir:
"Eyni zamanda, həqiqətin üzə çıxarılması və qurbanların tanınması barışıq prosesləri və davamlı sülhün möhkəmləndirilməsi baxımından fundamental əhəmiyyət daşıyır. İnstitusional parçalanma və məlumatların ayrı-ayrı qurumlarda toplanması axtarış proseslərinə mənfi təsir göstərə bilər. Buna görə də dövlət məhkəmə, humanitar, məhkəmə-tibbi ekspertiza və zərərçəkmiş şəxslərə yardım göstərən qurumları vahid məqsəd ətrafında birləşdirən koordinasiya mexanizmlərini təşviq edib. Məlumat sistemlərinin qarşılıqlı inteqrasiyası və məlumatların vaxtında mübadiləsi itkin düşmüş şəxslərin axtarışını və identifikasiyasını gücləndirmək üçün fundamental vasitələrdir".
Meksika Xarici İşlər Nazirliyinin Mülki və Siyasi Hüquqlar və Demokratiya üzrə Beynəlxalq Siyasət Departamentinin direktoru Dieqo Ruis Qayol deyib ki, Meksikada itkin düşmüş şəxslərlə bağlı vəziyyət nidbətən fərqlidir:
"Bu məsələ silahlı münaqişə ilə deyil, daha çox cinayətkar qrupların fəaliyyəti ilə əlaqədardır. Meksika üçün şəxslərin itkin düşməsi mühüm insan hüquqları məsələsi və ciddi humanitar problem olaraq qalır. Bizim yanaşmamız qurbanların və onların ailələrinin hüquq və ləyaqətinə əsaslanır. Bu yanaşmanın əsasını isə itkin düşmə hallarının həlli üçün axtarış tədbirlərini, insan meyitlərinin identifikasiyasını, ədalətə çıxışı, zərərçəkmiş şəxslərə yardımı və institusional imkanların gücləndirilməsini əhatə edən hərtərəfli cavabın zəruri olduğu qənaəti təşkil edir. Biz informasiya sistemlərinin təkmilləşdirilməsinə, axtarış və identifikasiya metodlarının gücləndirilməsinə, hökumətin bütün səviyyələrində dövlət qurumları arasında koordinasiyanın yaxşılaşdırılmasına, eləcə də ailələr və vətəndaş cəmiyyəti təşkilatları ilə daimi dialoqun qorunub saxlanılmasına yönəlmiş tədbirlər həyata keçiririk".
Tacikistan Baş prokurorunun baş köməkçisi Şohin Talbakzoda bildirib ki, itkin düşmüş şəxslərin qalıqlarının tapılması, onların layiqincə dəfn edilməsi, ailələrin baş vermiş hadisələr haqqında həqiqəti öyrənmək hüququnun təmin edilməsi beynəlxalq humanitar hüququn ayrılmaz hissəsidir:
"Məlum olduğu kimi, itkin düşmüş şəxslər problemi beynəlxalq humanitar hüququn, insan hüquqlarının, cinayət və mülki qanunvericiliyin kəsişməsində yerləşir. Lakin bu, hər şeydən əvvəl humanitar problemdir. Çünki hər bir itkin düşmüş şəxsin arxasında illərlə qeyri-müəyyənlik vəziyyətində qala bilən ailə üzvləri dayanır. Eyni zamanda, belə fəaliyyətin humanitar və siyasiləşdirilməmiş xarakterinin qorunması prinsipial əhəmiyyət daşıyır. Hesab edirik ki, itkin düşmüş şəxslər problemi bəzən hüquqi müzakirələrdən kənarda qalan daha bir ölçüyə malikdir. Bu, sülh məsələsinin insani ölçüsüdür".
Gülər Seymurqızı
Səlcuq Elçin