Bakıda gənclərin postkolonial dövrdəki roluna dair forum başa çatıb

Xarici siyasət
  • 01 may, 2026
  • 17:06
Bakıda gənclərin postkolonial dövrdəki roluna dair forum başa çatıb

Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən gənclərin postkolonial dövrdəki roluna həsr olunmuş forum başa çatıb.

"Report" xəbər verir ki, aprelin 30-u, mayın 1-də Azərbaycanın paytaxtında "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" beynəlxalq gənclər forumu keçirilib.

Forumda ilk dəfə olaraq gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ekspertlər, səhiyyə sahəsində mütəxəssislər, müstəqillik uğrunda çıxış edən siyasi partiya və təşkilatların nümayəndələri, gənclər birliklərinin rəhbərləri, eləcə də müstəmləkə əsarətində olan ölkələri təmsil edən universitet tələbələri iştirak ediblər.

Tədbirdə ümumilikdə 34 ölkədən 80-ə yaxın gənc nümayəndə iştirak edib. Foruma həmçinin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr və tədqiqatçılar da qoşulublar.

İlk gün iştirakçılar ölkə ilə tanış olub, ADA Universitetini, ASAN xidmət mərkəzlərini, DOST Agentliyini və Milli Məclisi ziyarət edib, orada gənc liderlər və deputatlarla görüşlər keçirərək fikir mübadiləsi aparıblar. Bundan əlavə, xarici nümayəndələrin iştirakı ilə debat müsabiqəsi keçirilib.

Forumun ikinci gününün açılışı gənc nümayəndələrin hazırladığı fleşmobla başlayıb. Həmçinin iştirakçılara BMT-nin Gənclər Ofisindən dəstək videomesajı təqdim olunub.

Proqram çərçivəsində iştirakçılar siyasi və sosial məsələlərə dair təqdimatlarla çıxış edib, eləcə də aktual problemləri müzakirə ediblər.

Daha sonra professor Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya keçirilib, sessiyanın gedişində süni intellektin inkişafının beynəlxalq münasibətlərə və qlobal təhlükəsizliyə təsiri məsələləri, eləcə də BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı mövzular müzakirə edilib.

Forumun yekunlarına əsasən Qlobal Cənub ölkələri gənclərinin platformasının yaradılması barədə qərar qəbul edilib.