Bakıda D-8 Media Mükəmməllik Mərkəzinin təqdimatı keçirilib
- 21 noyabr, 2025
- 13:02
Bakıda D-8 Media Mükəmməllik Mərkəzinin (D-8 Media Excellence Center) təqdimatı keçirilib.
"Report" xəbər verir ki, təqdimatı Medianın İnkişafı Agentliyinin Beynəlxalq Əlaqələr və Sənəd Dövriyyəsi Departamentinin direktoru Rasim Bağırov D-8 media forumu çərçivəsində edib.
R.Bağırov xatırladıb ki, Azərbaycan müvafiq qanunun parlament tərəfindən ratifikasiyası və prezident tərəfindən imzalanmasından sonra 2024-cü il dekabrın 19-da D-8 təşkilatına rəsmi olaraq qoşulub.
O, Azərbaycanın təşkilatın təxminən 30 illik tarixində ilk yeni üzv olduğunu vurğulayıb.
Təqdimat zamanı R.Bağırov qeyd edib ki, D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü birliyin yeni üzvü kimi Azərbaycan tərəfindən irəli sürülüb.
Onun sözlərinə görə, mərkəzin məqsədi səkkiz ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, regional və qlobal proseslərin koordinasiyalı şəkildə işıqlandırılması, jurnalistlərin peşəkar səviyyəsinin artırılması və dezinformasiya ilə səmərəli mübarizədir.
R.Bağırov bildirib ki, Mərkəzin konsepsiyası ilk dəfə 2025-ci il mayın 16-da təqdim edilib, daha sonra İstanbulda D-8 Komissiyasının 49-cu iclasında müzakirə olunub. Bundan sonra milli koordinatorların onlayn formatda iki iclası keçirilib və burada iştirakçı ölkələrin şərhləri və təklifləri nəzərə alınıb. Toplanmış materiallar əsasında Mərkəzin nizamnaməsi hazırlanır və cari media forumunun nəticələri struktur fəaliyyətə başladıqdan sonra ikiillik Fəaliyyət Planına daxil ediləcək.
O məlumat verib ki, Mərkəzin strukturu bütün iştirakçı ölkələrdən milli koordinatorları əhatə edəcək. Onlar Məsləhət Şurası (ACNC) ilə birlikdə strategiya və fəaliyyət istiqamətlərini müəyyən edəcəklər. Əməliyyatlara icraçı direktor rəhbərlik edəcək. Azərbaycan təşəbbüsün müəllifi kimi əməkdaşlıq xərclərini öz üzərinə götürəcək, digər ölkələr isə ayrı-ayrı təşəbbüsləri dəstəkləyə və ya xarici maliyyələşdirmə cəlb edə biləcəklər.
D-8 Media Mükəmməlliyi Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə informasiya mübadiləsi və birgə media layihələri, ixtisasartırma proqramları və təlimlər; analitik tədqiqatlar və nəşrlər; strateji tərəfdaşlıqlar; peşəkar və məsuliyyətli jurnalistikanın dəstəklənməsi; dezinformasiya ilə mübarizə; media sahəsində innovativ texnologiyaların tətbiqi yer alır.
R.Bağırov vurğulayıb ki, forum iştirakçıları platformanın gələcək inkişafının formalaşdırılmasında fəal şəkildə iştirak edir və təqdim olunan bütün təkliflər növbəti iki il üçün Fəaliyyət Planının hazırlanmasında nəzərə alınacaq.