Bakıda Avropa Dillər Günü münasibətilə silsilə tədbirlər keçiriləcək
- 24 sentyabr, 2025
- 14:56

Bakıda Avropa Dillər Günü münasibətilə bu həftədən başlayaraq oktyabr ayı boyunca davam edəcək silsilə tədbirlər keçiriləcək.
"Report" xəbər verir ki, tədbirə Avropa İttifaqı Milli Mədəniyyət İnstitutları təşkilatçılıq edir.
Məlumata görə, proqram Avropanın zəngin dil və mədəniyyət müxtəlifliyini nümayiş etdirəcək, bütün yaş qruplarını yeni dilləri kəşf etməyə həvəsləndirəcək, dillərin mədəniyyətlər arasında körpü rolunu necə oynadığını və Avropa ilə Azərbaycan arasında əlaqələri necə gücləndirdiyini göstərəcək.
Tədbirlər çərçivəsində Avropa səfirliklərinin və Ukrayna Mədəniyyət Mərkəzinin təşkil edəcəyi dil seminarları, Bakının bir neçə universitetində səfirlər, diplomatlar, tərcüməçilər və mütəxəssislərin iştirakı ilə Avropa dillərinə interaktiv girişlər, eləcə də müxtəlif Avropa dillərindən Azərbaycan dilinə tərcümə edilmiş kitabların təqdimatları olacaq.
Bu kontekstdə sentyabrın 28-də Nadiya Kireyin "Kim mənim qəzəbimi oğurladı?" kitabı haqqında Ukrayna Mədəniyyət Mərkəzində seminar, həmçinin oktyabrın 5-də "Əli və Nino" kitab evində Litva səfirliyinin "Xoşbəxtlik bir tülküdür" adlı uşaq kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olacaq.