Bakı və İrəvan arasında "Sülh körpüsü" təşəbbüsü çərçivəsində konfrans başa çatıb

Xarici siyasət
  • 14 fevral, 2026
  • 18:20
Bakı və İrəvan arasında Sülh körpüsü təşəbbüsü çərçivəsində konfrans başa çatıb

Ermənistanın Tsaxkadzor şəhərində bu gün "Sülh körpüsü" təşəbbüsü çərçivəsində ikigünlük konfrans başa çatıb.

"Report" xəbər verir ki, tədbirin yekunlarına dair press-relizi "Armenian Council" yayıb.

"Sülh körpüsü" formatında müntəzəm əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli şəkildə normallaşmasına mühüm töhfə verə bilər", - konfrans iştirakçıları təsdiqləyiblər.

Tədbir çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Tərəflər geniş tərkibdə təmsil olunub ki, bu da hər iki ölkənin inklüziv və davamlı dialoqa sadiqliyini bir daha təsdiqləyib.

Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin inkişafının hazırkı mərhələsi və gələcək istiqamətlərinə, 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarına uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsinə və onun regionun sonrakı inkişafındakı roluna həsr olunub. İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi aparıblar.

Ayrıca bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərinə həsr edilib.

Etimadın möhkəmləndirilməsini, ictimai diplomatiyanı və cəmiyyətlər səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktiki tövsiyələrin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib. Həmçinin, regional təhlükəsizliklə bağlı məsələlər geniş müzakirə olunub.

Rəsmi sessiyalarla yanaşı, əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verən qeyri-rəsmi görüşlər də keçirilib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasından əldə edilə biləcək mümkün sosial-iqtisadi faydaları nəzərdən keçiriblər. Vətəndaşlar üçün sülh prosesinin real nəticələrinin əldə olunması yolları və gözləntilər müzakirə edilib.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək səviyyəli rəsmi şəxsləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlaya biləcəyi barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatıb.