Bakı-Daşkənd əlaqələri yeni yüksəliş mərhələsində: siyasi iradə iqtisadi layihələrə çevrilir
- 23 avqust, 2026
- 19:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının III iclası keçirilib. Görüş iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. İclasın yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Ali Dövlətlərarası Şuranın III iclasının Qərarı imzalanıb. Sənəddə dövlət başçılarının ənənəvi qarşılıqlı anlaşma və yüksək etimad şəraitində ikitərəfli gündəliyin bütün məsələləri üzrə məzmunlu və məhsuldar danışıqlar apardıqları, həmçinin regional və beynəlxalq gündəmin aktual məsələləri barədə fikir mübadiləsi etdikləri bildirilib.
Qərarda Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq və müttəfiqlik münasibətləri haqqında müqavilələrin imzalanmasının iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığı vurğulanıb. Bu sənədlərin regional və beynəlxalq məsələlər üzrə səylərin əlaqələndirilməsinə, eləcə də Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edən birgə layihələrin həyata keçirilməsinə imkan verdiyi qeyd olunub.
Dövlət başçıları Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında Məşvərət görüşlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Azərbaycanın bu formatda iştirakının regional strateji əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsinə, eləcə də ümumi çiçəklənmə məkanının formalaşmasına töhfə verdiyi bildirilib.
Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daha da dərinləşdirilməsi də əsas prioritetlər sırasında yer alıb. Dövlət başçılarının tapşırıqlarına əsasən, Azərbaycan-Özbəkistan İkitərəfli Parlamentlərarası Forumunun, eləcə də Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq üzrə Komissiyanın ilk iclasının keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi planlaşdırılır.
İqtisadi əməkdaşlıq Azərbaycan-Özbəkistan münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır. Qərarda iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə proqramın həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur.
Bu çərçivədə Özbəkistan şirkətlərinin Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilədə investisiya və infrastruktur layihələrinə cəlb edilməsi istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycan və Özbəkistan şirkətlərinin üçüncü ölkələrdə birgə layihələr həyata keçirməsinə dəstək göstərilməsi nəzərdə tutulur.
Azərbaycan şirkətlərinin isə Özbəkistanda sənaye, infrastruktur, tikinti, dağ-mədən, energetika, kənd təsərrüfatı və iqtisadiyyatın digər prioritet sahələrində investisiya layihələrinə cəlb edilməsi üçün imkanların genişləndirilməsi diqqətdə saxlanılacaq. İki ölkə arasında əməkdaşlıq yalnız ticarət və investisiyalarla məhdudlaşmır. Nəqliyyat sahəsində dövlətlərin ərazisindən keçən dəhlizlərin cəlbediciliyinin və tranzit potensialının artırılması, eləcə də yükdaşımaların həcminin yüksəldilməsi istiqamətində birgə tədbirlər davam etdiriləcək.
Gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də gündəmdədir. Bundan başqa, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri arasında əlaqələrin dərinləşdirilməsi, birgə elmi araşdırmaların aparılması və qabaqcıl təcrübənin mübadiləsi nəzərdə tutulur.
Energetika sahəsində isə Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Neft-qaz sektorunda qarşılıqlı fəaliyyətin davam etdirilməsi ilə yanaşı, yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bərpa olunan enerji mənbələrindən və enerji resurslarından səmərəli istifadə sahəsində təcrübə mübadiləsi, birgə təlimlər və layihələrin həyata keçirilməsi də əsas istiqamətlərdəndir.
Azərbaycan və Özbəkistan arasında tarixi və mədəni bağlar ikitərəfli münasibətlərin mühüm dayaqlarından biridir. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə cari ilin ikinci yarısında Özbəkistanda "Azərbaycan Mədəniyyəti Günləri"nin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, mədəni və qastronomiya turizminin inkişafı üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, iki ölkənin maddi və qeyri-maddi mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində əməkdaşlığın gücləndirilməsi planlaşdırılır. Tarixi-mədəni irs obyektləri, ənənəvi sənətkarlıq, musiqi, folklor, milli adət və ənənələrin qorunması bu əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
Media və vətəndaş cəmiyyəti sahəsində də bir sıra mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulur. Növbəti illərdə III Azərbaycan-Özbəkistan Media Forumunun, Azərbaycan və Özbəkistan QHT-lərinin Əməkdaşlıq üzrə III Forumunun keçirilməsi, həmçinin 2027-ci ildə QHT-lər üçün növbəti birgə qrant müsabiqəsinin elan edilməsi ilə bağlı hazırlıq işləri aparılacaq.
Ali Dövlətlərarası Şuranın III iclasının Qərarında təhsil və elm sahəsində əməkdaşlığa da xüsusi yer ayrılıb. Bu ilin sonunadək Xankəndi şəhərində Azərbaycan və Özbəkistan ali təhsil müəssisələrinin rektorlarının II Forumunun keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, "Study in Uzbekistan" layihəsi çərçivəsində Özbəkistanın ali təhsil müəssisələrinin sərgisinin təşkil olunması imkanının nəzərdən keçirilməsi planlaşdırılır. İki ölkənin təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı tədbirlərin, müsabiqələrin, festivalların və yarışların keçirilməsi də diqqət mərkəzində olacaq.
Gənclər siyasəti sahəsində təcrübə mübadiləsinin aparılması, birgə proqram və layihələrin həyata keçirilməsi, eləcə də iki ölkənin gənclər təşkilatları və aidiyyəti qurumları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində də işlər davam etdiriləcək.
Dövlət başçıları Daşkənd şəhərində Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin yeni binasının açılışını da alqışlayıblar. Bu addım təhsil və humanitar sahədə Azərbaycan-Özbəkistan əməkdaşlığının praktiki nəticələrindən biri kimi qiymətləndirilir.
Ali Dövlətlərarası Şuranın III iclasının nəticələri göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız siyasi dialoq çərçivəsində deyil, iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, media və vətəndaş cəmiyyəti də daxil olmaqla, geniş spektr üzrə inkişaf edir.
Qəbul edilən qərarlar və müəyyənləşdirilən yeni layihələr iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradır. Qarşılıqlı siyasi iradə və yüksək etimad fonunda Azərbaycan-Özbəkistan əməkdaşlığının qarşıdakı illərdə həm ikitərəfli, həm də regional müstəvidə daha geniş məzmun alacağı gözlənilir.