Bakı Analitik Mərkəzinin direktoru: "Sülh Körpüsü" Təşəbbüsündə vacib olan dayanıqlılığı təmin etməkdir
- 22 noyabr, 2025
- 22:43
Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana səfərindən bir ay sonra qarşı tərəfin nümayəndə heyətinin Bakıya gəlməsi barışıq prosesinin davamlılığı baxımından önəmlidir.
Bunu "Report"a açıqlamasında 21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfər etmiş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupla görüşdə iştirak edən Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov deyib.
Onun sözlərinə görə, buradakı vacib məqam arada uzun fasilə vermədən dayanıqlılığı təmin etməkdən ibarətdir:
"Təbii ki, ötən dəfə olduğu kimi indi də iki qrup arasında müzakirələr oldu və əsas uğurlarımızdan biri təşəbbüslə bağlı ad seçimi idi. Artıq bu təşəbbüsə "Sülh Körpüsü" adının verilməsi bizim ciddi niyyətimizdən və prosesin davamlılığını saxlamaq məqsədimizdən xəbər verir".
R.Hüseynov görüş çərçivəsində bir neçə istiqamət üzrə fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb:
"Aydın məsələdir ki, iki dövləti təmsil edən hökumətlər, ümumilikdə, sülh prosesini və gündəliyini müəyyən edir, bu çərçivədə biz qruplarımızın - nəzərə almaq lazımdır ki, bu qrupların nümayəndələri müxtəlif sektorları təmsil edir - hansı işləri görə biləcəklərini müzakirə etdik. Xüsusilə beyin mərkəzləri, media qurumları, vətəndaş cəmiyyətlərini təşkil edən digər sektorlar arasında konkret ideyalar ətrafında gələcək qısa və ortamüddətli layihələr haqqında danışdıq. Ümumilikdə çox uğurlu və konstruktiv görüş oldu. Qarşıdakı müddətdə görüşlərimizin nəticəsi olaraq konkret hansısa işləri görə biləcəyimizi ümid edirəm".
Xatırladaq ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.