Azərbaycanın Zəfəri Türk dünyasının qardaşlıq və birlik ruhuna yeni nəfəs verib - RƏY
- 07 noyabr, 2025
- 17:23
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə Türk dünyasının ortaq köklərinə, qardaşlıq və birlik ruhuna yeni güc, yeni nəfəs verib.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Bakıda keçirilən II Azərbaycan–Özbəkistan Gənclər Forumunu dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, 8 Noyabr - Zəfər Günü Azərbaycan ilə yanaşı, bütün Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunub.
"Qədim zamanlarda Böyük İpək Yolu marşrutu xalqlarımızı həyatın bir çox sahələrində birləşdirirdi. Orta əsr dahi şair və mütəfəkkirlərimizin yaradıcılıq irsindəki dərin ədəbi və fəlsəfi paralellər də bu əlaqələrin davamı idi", - deputat qeyd edib.
Günay Əfəndiyeva Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunmasından bəhs edərək bildirib: "Baxın, üç onillik ərzində bizim münasibətlərimiz hansı səviyyəyə yüksəlib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev qardaşlıq prinsiplərinə sədaqət göstərir, ölkələrimiz qlobal arenada bir-birini dəstəkləyir".
Deputat Özbəkistanın Qarabağda aparılan yenidənqurma işlərinə töhfəsini vurğulayıb. O, bu ilin iyul ayında iki ölkənin dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistan Səfirliyinin yeni binasının açılması, "Özbəkistan" parkının təməlinin qoyulmasından bəhs edib.
G.Əfəndiyeva son illərdə Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan birgə addımlara diqqət çəkərək, bildirib: "Bütün bunlar xalqlarımız və dövlətlərimizin qardaşlıq münasibətlərini əks etdirməklə yanaşı, bir-birinə verdiyi qiymətin göstəricidir".
G.Əfəndiyeva, həmçinin gənclərə müraciət edərək deyib: "Bizim ümumi mirasımız, qarşılıqlı hörmətimiz gələcək üçün möhkəm təməl yaradır. Hər bir gənc öz sferasında bu dəyərləri qorumalı, paylaşmalı və bir-birindən ilham almalıdır. Unutmamalıyıq ki, biz müştərək tarixə, mədəniyyətə və vizyona sahibik. Xalqlarımıza həmrəyliyi, inteqrasiyanı, tərəfdaşlığı daha da gücləndirərək hər zaman irəli addımlamağı arzulayıram".