Azərbaycanın Gürcüstandakı səfirliyi bir qrup şəxsi təltif edib
- 23 dekabr, 2023
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 23-də Azərbaycanın Gürcüstandakı səfirliyində "Heydər Əliyev ili"nin yekunlarına və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstanda müxtəlif sahələrdə çalışan və fərqlənən soydaşlarımız, ictimai-siyasi xadimlər, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev xatırladıb ki, 2023-cü il Prezident İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev İli" elan olunub. O deyib ki, bununla əlaqədar dünyanın bir sıra ölkələrində, eləcə də Gürcüstanda silsilə tədbirlər keçirilib.
Sonra diplomat Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, dünya siyasi sistemindəki yüksək mövqeyi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətləri, eləcə də bu ölkədə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib: "Müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dost və qonşu Gürcüstan ilə münasibətlərimiz də yeni müstəvidə inkişaf edib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində iki ölkə arasındakı münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Səfir Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, bu gün Gürcüstanda minlərlə soydaşımızın Azərbaycan dövlətinin maliyyəsi hesabına ali təhsil aldıqlarını diqqətə çatdırıb: "Soydaşlarımız Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrundakı fədakarlığından bəhs edib. Birinci və İkinci Qarabağ müharibələrində soydaşlarımız iştirak edib və hər iki müharibədə 60 nəfər şəhid olub. Gürcüstandan olan bu şəhidlərimizin də adları əbədiləşdiriləcək, onların xatirəsi daim uca tutulur".
İki ölkə arasında siyasi, iqtisadi-ticarət münasibətlərinə toxunan F.Quliyev deyib ki, son 30 ildə 60-a yaxın yüksək səviyyəli qarşılıqlı səfər həyata keçirilib, ikitərəfli əməkdaşlığın inkişafına dair çoxlu sayda sənəd imzalanıb: "Bu gün ticarət dövriyyəmiz də durmadan artır və qarşıdakı illər ərzində ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoymuşuq"
Mədəni əlaqələrdən danışan diplomat söyləyib ki, əldə olunan razılığa əsasən Tbilisidə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub: "Bu da mədəni əlaqələrimizin də yüksək səviyyədə olduğunun bariz nümunəsidir".
Sonda "Heydər Əliyev ili" çərçivəsində fərqlənən ictimai siyasi xadimlər, müəllim və jurnalistlər xüsusi təşəkkürnamə ilə təltif olunublar.
Mükafat alanlar arasında "Report"un Gürcüstan bürosunun əməkdaşı Xanlar Mehdiyev də var.