Azərbaycanın dəstəyi ilə İordaniya Universitetində inklüziv təhsil üçün yeni laboratoriya yaradılıb
- 30 may, 2025
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
İordaniya Universitetində Azərbaycanın dəstəyi ilə sağlamlıq imkanları məhdud tələbələr üçün inklüziv təhsil laboratoriyası yaradılıb.
Bu barədə Report yerli KİV-ə istinadən xəbər verir.
Açılış mərasimində universitetin rektoru Nazir Obeydat, Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Elməddin Mehdiyev, həmçinin akademik dairələrin nümayəndələri, diplomatlar və tələbələr iştirak ediblər.
Laboratoriyanın açılması Azərbaycanın AIDA xətti ilə göstərdiyi dəstək sayəsində mümkün olub. Agentlik o cümlədən laboratoriyanı ən yeni avadanlıq və köməkçi proqram təminatı ilə təchiz edib. Bu innovativ həllər sağlamlıq imkanları məhdud tələbələrin xüsusi ehtiyaclarını qarşılamaq, onların akademik və sosial inteqrasiya imkanlarını genişləndirmək məqsədi daşıyır.
Tədbir çərçivəsində həmçinin Azərbaycanın görməli yerləri haqqında tanıtım videosu nümayiş etdirilib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın dəstəyi ilə İordaniya Universitetində sağlamlıq imkanları məhdud olan tələbələr üçün kompüter laboratoriyası yaradılmışdı. Layihə AIDA tərəfindən həyata keçirilmiş, laboratoriya bütün zəruri avadanlıq və texniki vasitələrlə təchiz edilmişdi.