Azərbaycanın BMT-dəki səfiri: Post-münaqişə dövründə ölkənin 409 vətəndaşı mina qurbanı olub

Xarici siyasət
  • 17 oktyabr, 2025
  • 22:52
Azərbaycanın BMT-dəki səfiri: Post-münaqişə dövründə ölkənin 409 vətəndaşı mina qurbanı olub

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, səfir Tofiq Musayev qurumun Baş Assambleyasının Birinci Komitəsinin ümumi debatında çıxışında 2020-ci ilin noyabr ayından bu yana post-münaqişə dövründə Azərbaycanda mina qurbanlarının sayının 409-a çatdığını bildirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, səfir onlardan çoxunun mülki şəxs olduğunu, aralarında uşaqlar və qadınlar olmaqla, 71 nəfərin həyatını itirdiyini, 338 nəfərin ağır yaralandığını qeyd edib.

Diplomat vurğulayıb ki, keçmiş münaqişə Azərbaycanı dünyanın ən çox minalanmış ölkələrindən birinə çevirib:

"Hazırkı vəziyyətdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur".

T.Musayev BMT Baş katibinin mina fəaliyyətinə dair hesabatına istinad edərək beynəlxalq humanitar silahsızlanma mexanizminin məhdud maliyyə resursları səbəbindən çətinliklərlə üzləşdiyini xatırladıb və minalardan təmizlənmə səylərinin daha çox koordinasiya və maliyyə dəstəyi tələb etdiyini vurğulayıb.

Səfir həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, münaqişənin başa çatmasından sonra Azərbaycan beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanaraq Ermənistanla sülh müqaviləsi təşəbbüsü irəli sürüb:

"8 avqust 2025-ci ildə xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlər haqqında" Sazişin ilkin mətni razılaşdırılıb. Bu, uzunmüddətli münaqişənin sona çatması istiqamətində mühüm tarixi addımdır", – deyə o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti