Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi"nə start verilib
- 05 fevral, 2026
- 10:09
Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" başlayıb.
"Report" xəbər verir ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.
Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb.
O, çıxışında gənclərin beynəlxalq və siyasi proseslərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
"Bu gün burada toplaşmaq mənim üçün böyük şərəfdir, xüsusən də Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilmiş 2 fevral - Gənclər Gününü qeyd etdiyimiz bir həftədə. Diplomatik korpus nümayəndələrinin iştirakı gənclərə, onların səsinə və potensialına böyük əhəmiyyət verildiyini göstərir", - L.Həsənova qeyd edib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə gənclərin rolunun ölkənin gələcəyinə töhfə verdiyini vurğulayıb. "Bu, elə-belə deyilmiş sözlər deyil. Yaradılmış platforma gənclərə beynəlxalq və siyasi sahələrdə uğurlu karyera qurmaq üçün lazım olan bilikləri, ideyaları və təcrübəni bölüşməyə imkan verir", - o bildirib.
"Gənclər Həftəsi" tədbirlərində gənclərin təmsilçiləri ilə yanaşı, dövlət strukturlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirlər, həmçinin beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edir.