Rəsmi Bakı: Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır

Xarici siyasət
  • 08 noyabr, 2025
  • 00:08
Rəsmi Bakı: Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda 8 noyabr tarixinin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin bayram edilməsilə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzi olduğu bildirilib.

Qeyd olunub ki, beş il öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

"Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi – Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində şanlı qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu", - bəyanatda vurğulanıb.

Son beş il ərzində Azərbaycanın misli görülməmiş transformasiya və yenidən canlanma dövrünü yaşadığı vurğulanan bəyanatda "Böyük Qayıdış" proqramı vasitəsilə ölkənin özünün sarsılmaz iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng vəzifənin icrasına yönəltdiyi qeyd olunub.

"Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir", - XİN-dən bildirilib.

Bəyanatda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq etdiyi vurğulanıb, regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynadığı qeyd edilib.

8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyətinə toxunulan bəyanatda: "Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə yanaşmalıdır", - deyə bildirilib.

"8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır.

Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk.

Zəfər Günümüz mübarək!" - XİN bəyanatını yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti