Azərbaycan və Yaponiya Qobustanda içməli su sistemi layihəsini təqdim edib
- 18 noyabr, 2025
- 16:51
Qobustanın Qurbançı kəndində Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı çərçivəsində icra olunan "Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması" layihəsinin təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya, Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və benefisiar təşkilat olan Qobustan Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi Qobustan rayonu Qurbançı və Ərəbşahverdi kəndlərində mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsi ilə yanaşı, yeni su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (ümumi uzunluğu 6600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sistemini inşa etməklə, kəndlərin su infrastrukturunun təkmilləşdirilməsi və yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır.
Bu layihədə nəzərdə tutulan su sisteminin inşası, avadanlıqların alınması və quraşdırılması üçün Yaponiya hökuməti 90 min ABŞ dolları (təqribən 152 min 100 manat ) məbləğində qrant ayırıb.
"Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı təhsil, səhiyyə, ictimai səhiyyə və digər sahələrdə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.
İndiyə qədər Azərbaycanda sözügedən proqram çərçivəsində icra olunan layihələrin sayı 287 olmaqla, ümumi qrant məbləği 24 milyon 255 min dollardan (41 milyon 233 min manat) çox olub.