Azərbaycan və Rumıniya arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 25 noyabr, 2025
- 15:06
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin ədliyyə naziri Radu Marinesku ilə görüşüb.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi bazası ətrafında fikir mübadiləsi aparıblar.
Eyni zamanda, K.Əliyev səfər çərçivəsində Rumıniya parlamenti Senatının sədr müavini Robert Cazancuiclə də görüşüb.
Senat sədrinin müavini qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır. Bu çərçivədə dövlət başçılarının qarşılıqlı səfərləri, həmçinin parlamentlərarası əlaqələrin yüksək dinamikası vurğulanıb.
Baş prokuror bildirib ki, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin icrası iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur.
Görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
K.Əliyevin səfər çərçivəsində həmçinin Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edərək diplomatik missiyanın heyəti ilə görüşüb, onların iş şəraiti ilə maraqlanıb.