Azərbaycan və Özbəkistan aqrar sektorda layihələri müzakirə ediblər

Xarici siyasət
  • 01 iyul, 2025
  • 19:22
Azərbaycan və Özbəkistan aqrar sektorda layihələri müzakirə ediblər

Azərbaycan və Özbəkistan aqrar sahədə perspektivli layihələri, xüsusilə də müasir istixana həllərinin tətbiqi və Xarəzm vilayətində köhnəlmiş istixanaların modernləşdirilməsini müzakirə ediblər.

Bu barədə “Report” Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ərəfəsində kənd təsərrüfatı naziri İbroxim Abduraxmanov Azərbaycanın "Green Tech" şirkətinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı şirkətin təsisçilərindən biri olan Toğrul Gözəl müasir avtomatlaşdırılmış suvarma sistemləri, iqlim nəzarəti, yüksək məhsuldar kənd təsərrüfatı texnologiyaları və s. haqqında təqdimat keçib.

İ.Abduraxmanov şirkətin təcrübəsi və innovativ yanaşmasının ölkənin kənd təsərrüfatının davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin Özbəkistan və Azərbaycan arasında aqrar sahədə tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.