BƏƏ ​Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Xarici siyasət
  • 30 yanvar, 2015
  • 14:33
BƏƏ ​Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı Ülyahəzrətləri Haya bint əl-Hüseyn ilə görüş keçirib. 

Azərbaycan XİN-dən "Report"a verilən məlumatına görə, görüş zamanı Pərviz İsmayılzadə baş konsulluğun Dubay Əmirliyində fəaliyyəti və dövlət qurumları ilə yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb.

Ülyahəzrətləri Haya bint əl-Hüseyn Bakı şəhərinə etdiyi son səfərindən danışaraq, səfərdən məmnun qaldığını, Azərbaycan və paytaxt Bakının sürətli inkişafının onda böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb.

Ülyahəzrətləri Haya bint əl-Hüseyn Azərbaycan ilə əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını qeyd edərək, bu istiqamətdə lazımı dəstəyin göstəriləcəyini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.