Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Xarici siyasət
  • 25 sentyabr, 2026
  • 11:55
Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov bu ölkənin məclisinin sədr müavini Qahraman Roziyev və Türkmənistan–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Annamuhammet Sarcayev ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında qardaşlıq münasibətlərinin, eləcə də strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan və türkmən xalqları arasında mövcud olan tarixi, mədəni, etnik, dil və dini ortaqlıqların ikitərəfli münasibətlərin möhkəm təməlini təşkil etdiyi diqqətə çatdırılıb.

Son dövrlər Azərbaycan–Türkmənistan münasibətlərinin inkişaf dinamikasının məmnunluq doğurduğu bildirilib. Bu xüsusda, 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri, habelə yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Həmçinin 22–23 iyun tarixlərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən Birgə Bəyanatın və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanmasının ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Parlament sədrləri və deputatlar, eləcə də parlamentlərarası dostluq qrupları səviyyəsində qarşılıqlı səfərlərin, görüşlərin və birbaşa təmasların artırılmasının iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan və Türkmənistan parlamentlərinin regional və beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığını, məsləhətləşmələrin davam etdirilməsini və qarşılıqlı dəstəyin göstərilməsi məsələlərini müzakirə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.