Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın İstanbuldakı payız sessiyasında iştirak edir
- 18 noyabr, 2025
- 10:33
Milli Məclisin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən payız sessiyasında iştirak edir.
"Report" xəbər verir ki, sessiya çərçivəsində "ATƏT-in 50 illiyi: Dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfliliyin yenidən canlandırılması" mövzusunda parlament konfransı, Daimi Komitənin iclası və digər tədbirlər keçirilir.
Tədbirə ev sahibliyi edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını Kurtulmuşa çatdırıb, Türk Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin Gəncədən qayıdarkən Gürcüstanda qəzaya uğraması nəticəsində türk hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verib.
TBMM-in sədri göstərilən həmrəyliyə görə təşəkkürünü bildirib və salamlarını Milli Məclisin sədrinə çatdırmağı xahiş edib.
Görüş zamanı iki ölkə parlamentləri arasında əlaqələr, ATƏT PA çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.