Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib - MÜSAHİBƏ

Xarici siyasət
  • 15 dekabr, 2025
  • 14:10
Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib - MÜSAHİBƏ

Azərbaycan 30 ildən artıqdır ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlıq münasibətlərinə malikdir və bu əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Əməkdaşlığın qurulduğu gündən etibarən ölkə alyansın birgə təlim və proqramlarında fəal şəkildə iştirak edir. Bu da təcrübə mübadiləsinin gücləndirilməsinə və təhlükəsizlik standartlarının inkişafına kömək edir. NATO nümayəndələri müntəzəm olaraq Azərbaycana rəsmi, o cümlədən yüksək səviyyəli səfərlər edirlər: 2024-cü ilin martında NATO-nun o zamankı Baş katibi Yens Stoltenberqin Bakıya səfəri ikitərəfli münasibətlərin önəmini təsdiqləyib.

Tərəfdaşlığın daha da genişləndirilməsi məqsədilə NATO Azərbaycanda alyansın əlaqələndirici səfirliklərini açmaq qərarına gəlib. 2025-2026-cı illər üçün bu əlaqələndirici missiyaların rolunu İsveç və Slovakiyanın Bakıdakı diplomatik nümayəndəlikləri həyata keçirir, tərəfdaş ölkələrlə NATO arasında əlaqəni təmin edir, həmçinin təcrübə mübadiləsi, məsləhətləşmələrin aparılmasını və birgə təşəbbüslərin irəli sürülməsini dəstəkləyir.

NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliklərinin (NATO Contact Point Embassies, CPE) rəhbərləri Elçin Qasımov (Slovakiya) və Tobias Lorentsson (İsveç) "Report"a eksklüziv müsahibədə tərəfdaşlığın mövcud vəziyyəti, əlaqələndirici missiyaların fəaliyyətinin əsas istiqamətləri və onların Azərbaycanla NATO arasında səfərlərə və dialoqa töhfəsindən danışıblar.

- NATO nümayəndə heyəti bu yaxınlarda Azərbaycanda səfərdə olub. Səfərin əsas məqsədi nə ilə bağlı olub və Bakıda aparılan danışıqlarda hansı mövzular müzakirə olunub?

- T. Lorentsson: Bəli, doğrudur. NATO üzvü olan 15 ölkənin, o cümlədən İsveç və Slovakiyanın daimi nümayəndələrindən ibarət heyət bu yaxınlarda (2025-ci il noyabrın əvvəlində - red.) Bakıya səfər edib. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşlər keçirib. Proqrama həmçinin xarici işlər nazirinin müavini Fariz Rzayevlə işgüzar nahar, xarici siyasət üzrə ekspertlərlə müzakirələr, Nobel qardaşlarının ev muzeyində Aİ səfiri (Mariana Kuyunjiç - red.) və onun komandası ilə fikir mübadiləsi, həmçinin ADA Universitetinə səfər daxil idi.

Müzakirələr NATO-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi perspektivlərindən regional təhlükəsizlik və qarşılıqlı fəaliyyət məsələlərinə qədər bir çox mövzuları əhatə edib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də xüsusi diqqət yetirilib.

- Slovakiya və İsveçin Bakıdakı səfirlikləri 2025-2026-cı illərdə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını yerinə yetirir. Bu statusda diplomatik missiyalarınıza hansı vəzifələr tapşırılıb? Bu, Azərbaycanın Alyansla əməkdaşlığının inkişafında hansı dəyişikliklərə səbəb ola bilər?

E.Qasımov: NATO-nun əlaqələndirici səfirliklərinin əsas vəzifəsi fəaliyyət göstərdikləri ölkə ilə sıx əməkdaşlıq çərçivəsində Alyansın tərəfdaşlıq təşəbbüslərini və ictimaiyyətin məlumatlandırılması səylərini dəstəkləməkdir. Slovakiya və İsveçin Azərbaycandakı səfirlikləri NATO ilə bağlı, eləcə də Azərbaycanın bu blokla tərəfdaşlığının üstünlükləri haqqında məlumatı Azərbaycan auditoriyasına çatdırmaqda kömək edir.

Məsələn, biz bir neçə dəfə NATO Qərargahı və Gürcüstandakı Əlaqələndirmə Ofisinin (Cənubi Qafqazda regional mandatlı) əməkdaşların səfərlərinə kömək etmişik. Belə səfərlərin sayı sabit şəkildə artır. Biz həmçinin ADA Universitetində azərbaycanlı tələbələr və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə ictimai diplomatiyaya həsr olunmuş tədbirin təşkilinə kömək etmişik. Bundan əlavə, biz mütəmadi olaraq NATO ilə Azərbaycan arasında cari əməkdaşlıq, o cümlədən NATO mobil təlim qruplarının ölkədə həyata keçirilən çoxsaylı proqramları haqqında məlumatları açıqlayırıq. Gələcəkdə Bakı şəhərindən kənarda da daha geniş ictimaiyyətə çıxış imkanının yaranacağına ümid edirik.

- NATO-nun Azərbaycanda nümayəndəlik açması ehtimalı varmı?

- T.Lorentsson: NATO-nun Cənubi Qafqazda bir Əlaqələndirmə Ofisi var. Tbilisidə yerləşən bu nümayəndəlik təkcə Gürcüstanı deyil, həm də Azərbaycan və Ermənistanı əhatə edir. Hazırda Bakıda analoji nümayəndəliyin açılması planlaşdırılmır.

- Növbəti 3-5 il ərzində NATO üçün Azərbaycanla əməkdaşlığın prioritet istiqamətləri hansılardır?

E.Qasımov: NATO ilə tərəfdaş ölkə arasında əməkdaşlıq əsasən tələbatla müəyyən olunur və həm ölkənin öz prioritetlərindən, həm də Şimali Atlantika blokunun maraqlarından asılıdır. Azərbaycan etibarlı tərəfdaşdır və NATO-ya üzv ölkələr və digər tərəfdaş ölkələrlə müdafiə, kibertəhlükəsizlik və terrorla mübarizə daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Azərbaycan uzun müddətdir ki, minatəmizləmə prosesinin dəstəklənməsinə, həmçinin mühüm əhəmiyyətli enerji obyektlərinin mühafizəsinə, o cümlədən terror hücumlarından qorunmağa maraq göstərir.

Azərbaycan həmçinin Kosovo və Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlara əhəmiyyətli töhfə verib və tərəfdaşlığın qərargah vəzifələrinin yaradılması təşəbbüsü sayəsində NATO-nun hərbi strukturlarında fəal iştirakını davam etdirir.

- Azərbaycan Silahlı Qüvvələrini NATO standartlarına uyğunlaşdırmağı hədəfləyir. NATO bu istiqamətdə Azərbaycanla necə əməkdaşlıq etməyi planlaşdırır?

T.Lorentsson: Siz haqlısınız, Azərbaycan Silahlı Qüvvələrinin potensialının və Şimali Atlantika İttifaqı ilə əməliyyat uyğunluğunun artırılması NATO-Azərbaycan tərəfdaşlığının əsas istiqamətidir. Azərbaycanın 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması alyansa və ayrı-ayrı müttəfiqlərə Şimali Atlantika Alyansı ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə müəyyən bölmələrin hazırlanması sahəsində Azərbaycana köməklik göstərməyə imkan verdi. Bu proqram çərçivəsində Azərbaycan bölmələrini NATO standartlarına uyğun olaraq inkişaf etdirir, qoşunlarının xaricdə NATO-nun sülhməramlı əməliyyatlarında iştirakını təşkil edir və Azərbaycanın gələcəkdə iştirak edə biləcəyi potensial missiyalar üçün bir sıra digər imkanlar hazırlayır.

- NATO Cənubi Qafqaz regionundakı vəziyyəti və avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdən sonra Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişatını necə qiymətləndirir?

E.Qasımov: NATO Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatmasını alqışlayır və sazişin imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Bu, normallaşma prosesində irəliyə doğru mühüm addımdır və regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfədir.

- 2026-cı ildə NATO nümayəndələrinin regiona səfərləri gözlənilirmi? NATO-nun Baş katibi Mark Rüttenin gələn il Cənubi Qafqaza, xüsusən də Azərbaycana rəsmi səfəri nəzərdən keçirilirmi?

T.Lorentsson: NATO rəsmiləri ilə onların azərbaycanlı həmkarları arasında yüksək səviyyəli siyasi əlaqələr qurulub və bu təmasların 2026-cı ildə də davam edəcəyi gözlənilir.

- 2026-cı ildə Azərbaycan hərbçilərinin NATO təlimlərində iştirakı planlaşdırılırmı?

E.Qasımov: Son illərdə Azərbaycan çoxsaylı NATO təlimlərində iştirak edib. Ölkə Alyansın 2026-cı ildə keçiriləcək bir neçə təlimində iştirak etmək və ya bu təlimləri müşahidə etmək üçün müraciət edib.

- NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə vəzifəsi hazırda boşdur, namizədin seçilməsi prosesi gedir. Bu istiqamətdə irəliləyiş varmı? Bu vəzifə NATO üçün hazırda nə dərəcədə aktualdır?

T.Lorentsson: Bu vəzifə üçün seçim prosesi davam edir. Ümid edirik ki, tezliklə bu regionda yeni xüsusi nümayəndəmiz olacaq. Bu təyinat NATO-nun Azərbaycan və bütövlükdə Cənubi Qafqazla tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edəcək.

Müsahibəyə görə təşəkkür edirəm!

Son xəbərlər

Bütün Xəbər Lenti