Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub - RƏY
- 08 oktyabr, 2026
- 20:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Bakının regionla münasibətlərində formalaşan yeni mərhələnin aydın mənzərəsini ortaya qoyub.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnarə Akimova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yalnız siyasi dialoq müstəvisində deyil, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq kimi geniş istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində qurduğunu göstərib:
"Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsi həmin münasibətlərin siyasi çəkisinin göstəricisidir. Bu qərarın yekdilliklə dəstəklənməsi ölkəmizə olan yüksək etimadı nümayiş etdirib. Xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun bu prosesdəki təşəbbüsü qeyd olunmalıdır. Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə sürətlə inkişaf etməsi də həmin etimadın praktik ifadəsidir. Ötən ildən bəri ən yüksək səviyyədə beş qarşılıqlı səfərin baş tutması əlaqələrin dinamikliyini göstərir".
"Bu tərəfdaşlığın əsas dayaqlarından biri Xəzər və Orta Dəhlizdir. Azərbaycan son illərdə limanlara, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına yatırdığı sərmayələrlə Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan mühüm nəqliyyat qovşağına çevrilib. Orta Dəhliz üzrə yükdaşımaların artması onun artıq gələcəyin deyil, bu günün işlək və genişlənən marşrutu olduğunu göstərir. "Rəqəmsal İpək Yolu" çərçivəsində Xəzərin dibi ilə fiber-optik xətlərin yaradılması isə bu əməkdaşlığa rəqəmsal ölçü qazandırır".
O bildirib ki, energetika sahəsində də eyni mənzərə müşahidə olunur: "Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinin artması ölkəmizin regionun enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında rolunu gücləndirir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində regional əməkdaşlığın fəal iştirakçısı olduğunu göstərir".
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı isə münasibətlərə xüsusi mənəvi məna verir:
"Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın Füzulidə məscid tikintisinə dəstək verməsi qardaşlığın konkret nümunələridir. Bu layihələr yalnız bərpa prosesinə töhfə deyil, xalqlarımızın tarixi və mədəni bağlarının da ifadəsidir.
Bütün bu istiqamətləri birləşdirən əsas amil isə qarşılıqlı etimaddır. Çünki nəqliyyat dəhlizlərinin səmərəli işləməsi, investisiyaların artması, enerji layihələrinin genişlənməsi və uzunmüddətli iqtisadi tərəfdaşlığın qurulması üçün ilk növbədə sabitlik və təhlükəsizlik lazımdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sülh və siyasi-iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir".
O bildirib ki, Türkmənbaşı görüşündə imzalanan Birgə Bəyanat və Məşvərət formatının fəaliyyətini tənzimləyən sənədlər də əməkdaşlığın institusional əsaslarının möhkəmləndiyini göstərir.
"Bu mənzərə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. Xəzər üzərindən uzanan nəqliyyat yolları, böyüyən ticarət və investisiyalar, enerji və rəqəmsal layihələr, Qarabağın bərpasında nümayiş etdirilən qardaş dəstəyi vahid strateji xəttin müxtəlif istiqamətləridir.
Azərbaycan bu xəttin mühüm halqasıdır. Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji məkanının formalaşmasında fəal rol oynamaqla yanaşı, ortaq tarix və mədəniyyətə söykənən daha sıx regional əməkdaşlığın da təşəbbüskarlarından birinə çevrilir", - deputat əlavə edib.