Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Qırğızıstana səfər edəcək
- 20 aprel, 2022
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatında deyib.
"Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək.
Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir", - Prezident vurğulayıb.