Azərbaycan 3 il ərzində Afrika ölkələri ilə ticarət dövriyyəsini 4 dəfəyə yaxın artırıb

Xarici siyasət
  • 25 may, 2026
  • 10:09
Azərbaycan 3 il ərzində Afrika ölkələri ilə ticarət dövriyyəsini 4 dəfəyə yaxın artırıb

Azərbaycan ilə Afrika ölkələri arasında ticarət dövriyyəsi 2023-cü ildəki 150 milyon dollardan 2025-ci ildə 580 milyon dollara yüksəlib.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.

Nazir müavininin sözlərinə görə, energetika və bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, hasilat sənayesi, təhsil və peşə hazırlığı, rəqəmsallaşma, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi kimi sahələr Azərbaycanın regionla əməkdaşlığının genişləndirilməsi üçün böyük potensiala malikdir.

"İqtisadi əməkdaşlıq da tədricən genişlənir. Son üç il ərzində Azərbaycan ilə Afrika ölkələri arasında ticarət dövriyyəsi 150 milyon dollardan 2025-ci ildə 580 milyon dollara qədər artıb. Bu artım iqtisadi tərəfdaşlığımızın böyük potensialını aydın şəkildə nümayiş etdirir. Biz energetika və bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, hasilat sənayesi, təhsil və peşə hazırlığı, rəqəmsallaşma, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar görürük", - o bildirib.