Azər Kərimli: Azərbaycanın ŞƏT sammitində Ermənistanla münasibətlər haqda mühüm mesajları oldu
- 02 sentyabr, 2026
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Şanxay Əməkdaşlıq Təşkilatı bu gün Avrasiyanın mühüm siyasi, iqtisadi və təhlükəsizlik platformalarından biridir. Təşkilatın əhatə etdiyi coğrafiya dünya iqtisadiyyatının, enerji resurslarının, nəqliyyat marşrutlarının və böyük siyasi güclərin əhəmiyyətli hissəsini özündə birləşdirir.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
O qeyd edib ki, Azərbaycanın ŞƏT məkanı ilə əməkdaşlığının dərinləşməsi ölkənin regional proseslərdəki rolunun miqyasının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Azərbaycanın ŞƏT ölkələri üçün əsas əhəmiyyətlərindən biri onun Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat və logistika qovşağı olmasıdır.
Bu gün Orta Dəhlizin inkişafı artıq yalnız Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin deyil, Çin və Avropanın da maraq dairəsində olan strateji layihəyə çevrilib. Azərbaycan burada sadəcə tranzit ölkə deyil. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı, Azərbaycanın genişlənən nəqliyyat infrastrukturu və Xəzər üzərindən formalaşan bağlantılar ölkəmizi Avrasiya ticarət yollarının mühüm həlqəsinə çevirir.
Deputatın fikrincə, Azərbaycanın ŞƏT sammiti çərçivəsində Ermənistanla münasibətlər kontekstində də mühüm mesajlar verməsi diqqətdən kənarda qalmamalıdır:
"Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxması Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını göstərir.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bölgədə dayanıqlı sülh yalnız siyasi sənədlərlə məhdudlaşmamalıdır. Sülh nəqliyyat kommunikasiyalarının açılması, ticarətin genişlənməsi, iqtisadi əlaqələrin qurulması və qarşılıqlı etimadın formalaşması ilə müşayiət olunmalıdır.
Bu yanaşma Azərbaycanın daha geniş regional siyasəti ilə tamamilə uzlaşır. Bakı Cənubi Qafqazı qarşıdurma və rəqabət məkanı deyil, Avrasiya bağlantılarının mühüm hissəsi kimi görür. Azərbaycanın ŞƏT çərçivəsində fəallığının perspektivləri də məhz bu reallıqlarla bağlıdır. Mən hesab edirəm ki, qarşıdakı dövrdə bir sıra istiqamətlər xüsusi əhəmiyyət qazanacaq".